Bu gün futbol üzrə Topaz Premyer Liqasının VIII turu çərçivəsində növbəti oyunlar keçirilib. Modern.az xəbər verir ki, günün ikinci oyununda “Sumqayıt” komandası “Qəbələ” klubu ilə qarşılaşıb. Sumqayıtda “Kapital Bank Arena”da keçirilən görüşün ilk hissəsində “Qəbələ” komandası hesabı açıb. Oyunun 29-cu dəqiqəsində “Qəbələ”nin oyunçusu Famussa Kone topu tora göndərib.
Qarşılaşmanın ikinci hissəsində Sumqayıt şəhər təmsilçisinin təhlükəli hücumlarına baxmayaraq, oyunda hesabı bərabərləşdirmək mümkün olmayıb.
Beləliklə, görüş “Qəbələ”nin 1:0 hesablı qalibiyyəti ilə başa çatıb və komanda aktivindəki xallarının sayını 16-ya çatdırıb.
Xatırladaq ki, günün ilk oyununda “Zirə” komandası doğma meydanda “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib.
Turun sonuncu matçı oktyabrın 15-də “Səbail” və “Neftçi” komandaları arasında olacaq.
Hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” liderlik edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncü, “Sumqayıt” 10 xalla dördüncü, “İnter” 8 xalla beşinci pillədədir. Turnir cədvəlində sonrakı yerlərdə müvafiq olaraq, “Səbail” (6 xal), “Neftçi” (4 xal) və “Kəpəz” (4 xal) komandaları qərarlaşıblar.