Məlumdur ki, Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına xüsusi önəm verilir. Bu baxımdan hazırda pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və bu kimi digər sahələrdə istehsalın artırılması istiqamətində stimullaşdırıcı tədbirlər həyata keçirilir.
Lakin elə sahələr var ki, zamanında ondan əlavə gəlir mənbəyi kimi istifadə etsək də, indi vəziyyət eyni deyil. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstutunda 20 kq-a yaxın ilan zəhəri saxlanılır və onun qiyməti 20 milyon dollar həcmindədir. Azərbaycan keçmiş SSRİ dövründə ilan zəhərinə olan ehtiyacın 65-70 faizini ödəyirdi. Bu zəhərdən SSRİ-nin tibb bazarında dərman preparatları hazırlamaq üçün istifadə olunurdu. SSRİ dağıldıqdan sonra ölkədə bu bazara diqqət yetirən olmadı. Halbuki, bu sahə ölkə üçün önəmli əlavə gəlir mənbələrindən biridir.
Maraqlıdır, Azərbaycanda daha hansı qeyri-neft sektoru sahələrindən əlavə gəlir əldə etmək olar?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Modern.az-a bu haqda danışıb:
“Ümumiyyətlə, kənd təsərrüfatı sektoru iki sahəyə bölünür. Biri ənənəvi, digəri isə yeni sahələrdir. Qeyd etdiyiniz kimi, məsələn, ilan zəhəri ilə bağlı ölkəmizdə əvvəldən mövcud olmuş bir ənənə var. Amma bu ənənə bilirsiniz ki, Sovetlər dövründə idi. İndi biz bazar iqtisadiyyatı dövründəyik. Baxmayaraq ki ənənələr var, onların istehsalı, maddi standartlar formasında dünya bazarına çıxarılması vacib yanaşma tələb edir.
Digər tərəfdən son illər cənab prezidentin rəhbərliyilə Azərbaycanda qeyri-neft sektorunun inkişafına ciddi diqqət yetirilir. Məlumdur ki, ixrac qabiliyyətini artıran və ölkəyə valyuta gətirə bilən sahələr mühüm yer tutur.
Məsələn, Azərbaycanda zeytunçuluğun inkişafı ilə bağlı çox böyük ənənələr var. Həm sağlamlıq nöqteyi nəzərdən, həm də müxtəlif sahələrdə istifadəsi baxımından dünya bazarında da bu sahəyə böyük təlabat var. Bu siyahını artırmaq olar”.
Deputat qeyd edib ki, Azərbaycanda zəfəran istehsalına da ehtiyac var:
“Bilirsiniz, sovet dövründə zəfəran istehsalı Bakı və Bakı kəndlərində xüsusilə inkişaf etdirilmişdi. Bu sahənin potensialı hələ də yerindədir. Bildiyim qədərilə Bakıda az miqdarda olsa da, həmin ənənələr qalır . Düzdür, zəfəranın satışı ilə şəxsi adamlar məşğul olur. Amma bunu dövlət səviyyəsinə qaldırmaq, daha böyük əraziləri əhatə etmək üçün tədbirlər görülməlidir.
Digər tərəfəndən, son zamanlar dövlət tərəfindən kənd təsərrüfatına qoyulan investisiyalar, yeni sahələrin yaranması, buna uyğun olaraq kənd təsərrüfatı sahələrinin emal sənayesinin yaradılması dövlətin ən böyük layihələrindən biridir. Ona görə də hesab edirəm ki, qarşıdakı illərdə bu sahələr istiqamətində mühüm addımlar atılacaq və Azərbaycanda ənənəvi sahələrin inkişafına fikir veriləcək”.