Modern.az

5 yaşlı "Türküstan"ın baş redaktoru: "Bizim öz missiyamız var..."

5 yaşlı "Türküstan"ın baş redaktoru: "Bizim öz missiyamız var..."

11 İyun 2011, 12:27

2006-ci il iyun ayının 11-dən nəşrə başlayan həftəlik “Türküstan” qəzetinin bu gün 5 yaşı tamam olur.

Bununla bağlı Modern.az-a açıqlama verən qəzetin baş redaktoru Aqil Camal nəşrə başladığı gündən “Türküstan”ın seçdiyi “adımız məfkurəmiz bir” adlı prinsipinə, şuarına sadiq qaldığını bildirib.

“Bu 5 illik müddətdən sonra hesabat verməli olsaq, deyə bilərəm ki, oxucularımız qarşısında üzərimizə götürdüyümüz missiyaya xələl verməmişik. Çünki bizimlə təmasda olan insanların, xüsusilə ziyalıların, Azərbaycanın milli düşüncəli aydınlarının, həmçinin milli düşüncəli gənclərin bizə olan münasibətindən belə qənatətə gələ bilərik ki, bu müddətdə biz daha çox insanları öz ətrafımızda toplamağa çalışmışıq və buna müəyyən qədər də nail olmuşuq”.

Azərbaycanın, o cümlədən türk dünyasının milli məsələrini prioritet seçdiklərini deyən baş redaktor bu 5 illik müddətdə dünya azərbaycanlılarının problemlərini gündəmdə tutmağa, eyni zamanda Azərbaycan ictimaiyyətinə, türk dünyasına daşımağa çalışdıqlarını qeyd edib.

“Eyni zamanda çalışmışıq ki, türk dünyası, türk dövlətlərinin yaxınlaşmasına imkanımız qədər töhfə verək. Bəzən “niyə siz daxili siyasət, ölkə içi məsələlər yer vermirsiz” deyə bizə suallar olur.  Biz bildirik ki, ölkə içinə hesablanmış qəzet deyilik. Biz Azərbaycan qəzetçilik məkanında özümüzə yer tutmağa çalışmağı qarşımıza məqsəd qoymamışıq. Bizim konkret missiyamız var və onu yerinə yetiririk. Qəzetimizi daxili siyasi məsələrdən, ictimai-siyasi mühitdən, kimlərəsə şok məlumatlardan, “sensasion” xəbərlərdən uzaq tutmağımız məhz bununla bağlıdır” deyə Aqil Camal əlavə edib.

İnformasiya məkanında çalışdıqlarını deyən A.Camal ümumi prinsiplərdən imtina etmədən, onlara sadiq qalaraq zamanla ayaqlaşmağa çalışdıqlarını söyləyib.

“Texnologiya və internet mediası sürətlə inkişaf etdiyi üçün çalışırıq ki, bu sahədə möhkəmlənək. Amma bizim üçün başlıca şərt oxucudur. Çünki nə qədər yüksək imkanlara malik olsan belə, sənin oxucun yoxdursa, o imkanların elə bir əhəmiyyəti də yoxdur. Media qurumu oxucuya yönəlib”.

Müsahibimiz qəzetin bundan sonra qarşıya qoyduğu məqsədin əvvəlki illərdə olduğu kimi oxucu olduğunu deyib. “Bundan sonrada daha çox izləyəcəyimiz siyasət bizimlə eyni düşüncədə olan, amma tanış olmayan insanları bir araya gətirmək, bu qəzet ətrafında toplaymaq, onların həm bizimlə, həmdə öz aralarında təmas yaratmaqlarına, fikirlərini bölüşmələrinə nail olmaqdır”.

Aqil Camal onu da vurğulayıb ki, bundan sonrakı fəaliyyəti dövründə “Türküstan” gündəlik qəzet olmasa da, onun səhifələrinin sayı artırıla bilər.
“Bizim qəzetimizin profili tamam başqadır. Ona görə qəzetimizdə yer alacaq xəbərləri Azərbaycanda hər gün oxuyacaq oxucu yoxdur. Gələcək illərdə biz qəzetimizin səhifələrinin sayını artırmağı düşünürük. Yəni indi 16 səhifə çıxırsa, gələcəkdə 24, 32 səhifəlik qəzet kimi dərc oluna bilər”- deyə baş redaktor sonda əlavə edib.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi