Təqribən 2-3 il bundan əvvəl müxtəlif ölkələrdən ifaçılar Azərbaycana dəvət edilir və konsertləri təşkil edilirdi. Təbii, müəyyən tamaşaçı auditoriyasına sahib olan həmin müğənnilər böyük maraqla qarşılanırdı. Bir ara xüsusilə də türk müğənnilərinin ölkəyə axını müşahidə edilirdi. Ən azından Rafet El Roman ildə iki dəfə Bakıda konsert verirdi. Lakin son zamanlar bu cür konsertlərin şahidi ola bilmirik.
Bəs buna səbəb olan amillər nələrdir?
Məsələ ilə bağlı Azərbaycanda bir çox yerli və xarici sənətçilərin konsertlərini təşkil edən, "Səs music organization"nun rəhbəri Nahid Emiloğlu (Şükürov) Modern.az-a açıqlama verib. O bildirib ki, xaricdən gələn müğənnilər Azərbaycanda konsert vermək heç vaxt maraqlı olmayıb:
“Ya burada, ya da başqa ölkədə konsert verməyin onlar üçün fərqi yoxdur, əsas qonorardır. Müğənnilərin Azərbaycandakı konsetlərini əsasən mən təşkil edirdim. Söhbət türk müğənnilərindən gedir. İndi əvvəlki illərlə müqayisədə konsertlərin sayının azaldığı doğrudur. Dolların qalxması buna səbəb olan əsas amildir. İndi hər şey bizə ikiqatına başa gəlir. Şəhərdə kirayə pulları çox yüksəkdir. Yaxud reklam xərcləri və digər bu kimi məsələlərdə kifayət qədər bahalıq müşahidə edilir. Hər hansı müğənnini bura elə bir qiymətə gəlir ki,.. insanların da bilet almaq qabiliyyəti aşağı düşüb. Ola bilsin ki, başqa yollarla konsertlər baş tutsun. Hər halda bunun üçün dəstək var. Təbii, məsələnin görünən və görünməyən tərəfləri mövcuddur. Çünki heç bir müğənni sadəcə kassa ilə işləyə bilməz. Bunlar boş söhbətdir”.
N.Emiloğlu konsert təşkilatçılığının çətinliklərindən də söz açıb:
“Ümumiyyətlə konsertlər üçüncü sahədir. Birinci insanların yeməyi-içməyi, daha sonra əyləncəsidir. Bu baxımdan devalvasiya bu sahəni demək olar ki, təmiz sıradan çıxarıb. Bu gün onsuz da yerindən duran konsert təşkil edir. Əlbəttə, bu işin çətinlikləri var. Uzun prosesdir. Bir konsert üzərində bir, iki, dörd aya yaxın işləmək lazımdır. Sonunun necə olacağı, biletlərin satılıb-satılmayacağı bəlli də deyil. Buna görə də hələ ki təşkilat məsələlərinə ara vermişik. Düzdür, tədbirimiz var. Lakin onu da çəkinərək edir, yüz ölçüb bir biçirik.
Mən türk müğənnilərini bura gətirəndə onların tamam başqa qiymətləri var idi. Lakin son 2-3 ildir, peyda olan müəyyən insanlar, toy sahibləri qonorarları çox yüksək dərəcəyə çatdırıb. Bəlkə də həmin ifaçılar həyatıboyu belə qonorarla başqa ölkələrə getməyiblər. Müğənnilər toy məclislərinə yüksək qonorarla gəlirlər. Bu səbəbdən onlar üçün konsert olsun ya olmasın fərqi yoxdur, əsas qonorardır. Yaxın zamanlar üçün konsertlə bağlı müəyyən düşüncələrim olsa da, risk çox böyükdür”.