Oktyabrın 25-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən «Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi»nin icrası istiqamətində növbəti addım atılıb.
Belə ki, Xətai rayonunun Gəncə prospektindəki torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş binada məskunlaşan məcburi köçkün ailələrinin Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı Xətai Rayon İcra Hakimiyyətində püşkatma mərasimi keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, həmin layihəyə uyğun olaraq Xəzər rayonu ərazisindəki «Energetika», Binəqədi rayonu ərazisindəki «Şəfəq» pansionatlarından sonra yuxarıdakı ünvanda yerləşən qəzalı binada məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı bu püşkatma da komitədə yaradılmış komissiyanın, Xətai Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının müavinlərinin və köçkünlərin iştirakı ilə keçirilib.
Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban Əliyevanın ilk müşavirəsini martın 9-da Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi, bundan sonra may ayında Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə salınan yeni yaşayış məhəlləsinin təmələnin qoyulması, bu yaxınlarda isə «Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi»nin icrası çərçivəsində daha ağır vəziyyətdə yaşayan 214 məcburi köçkün ailəsinin Masazırda və Mehdiabad qəsəbəsindəki «Gənclər Şəhərciyi»ndə yeni mənzillərlə təmin olunması, oktyabrın 5-də isə həmin layihə çərçivəsində Masazır və Ramana qəsəbələrində məcburi köçkünlər üçün inşa edilmiş daha 260 ailəlik binaların açılış mərasimlərində iştirak etməsi, həmin tədbirlərdəki çıxışları zamanı bu sahədə işlərin sürətləndirilməsinin və təxirəsalınmız tədbirlərin görülməsinin vacibliyini önə çəkməsi və bunlara uyğun olaraq artıq işlərə başlanılması da məhz bu diqqət və qayğının nəticəsidir.
Sonra şəffaflığın tam təmin olunması, heç bir narazılıq hallarının yaranmaması məqsədilə məcburi köçkünlərə evlərin paylanmasında artıq tətbiqinə başlanılmış yeni üsulla püşkatma mərasimi keçirilib. Ailə tərkibinə uyğun şəkildə ayrı-ayrılıqda komissiya tərəfindən komplektləşdirilən 1 otaqlı, 2-3 və 4 otaqlı mənzillərin ünvanı, mərtəbəsi, ümumi yaşayış sahəsi də əks olunan kuponlar ardıcıllıqla hamının gözü qarşısında Xətai Rayon İH-nin iclas salonunun səhnəsində quraşdırılmış şüşəli barabana doldurulduqdan və məcburi köçkün nümayəndələrinin özləri tərəfindən qarışdırıldıqdan sonra müxtəlif işğal rayonlarından olan soydaşlarımız mənzillərin sayına uyğun tərtib olunmuş adlı siyahılarla püşkatma qutusuna yaxınlaşıb, ilkin mərhələdə 125 ailə yeni mənzillərə sahib olub.