Modern.az

ADU-nun rektoru amerikalı tələbələrlə görüşüb

ADU-nun rektoru amerikalı tələbələrlə görüşüb

13 İyun 2011, 12:07

İyunun 13-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov  11 nəfərdən ibarət bir qrup ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü  (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-ya  gələn tələbələrlə görüşüb.
ADU-dan Modern.az-a verilən məlumata görə, rektor tələbələrə universitetin tarixi haqqında məlumat verib. Səməd Seyidov ADU-da 5000 tələbənin təhsil aldığını qeyd edib. Eyni zamanda, ADU-da həm azərbaycanlı, həm də xarici tələbələrin istifadə edə biləcəyi Amerika mərkəzinin də fəaliyyət göstərdiyini tələbələrin nəzərinə çatdırıb.

Rektor amerikalı tələbələrə Azərbaycanın tarixi, coğrafiyası haqqında məlumat verib. Onlara Dağlıq Qarabağ münaqişəsi  haqqında danışıb. Tələbələrə 8 həftə ərzində Azərbaycanın həm tarixi, həm coğrafiyası, həm  iqtisadiyyatı, həmçinin mədəniyyəti, incəsənəti , musiqisi, hətta mətbəxi  haqqında biliklərə sahib olacaqlarını söyləyib. Öz ölkələrinə qayıtdıqları zaman Azərbaycan haqqında öz yaxınlarına və dostlarına Azərbaycan, Azərbaycanın milli mənəvi dəyərləri, qədim və zəngin tarixi haqda  məlumat verəcəklərinə əminliyini ifadə edib.

Qeyd edək ki, görüşdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova və Azərbaycan dilçiliyi kafedrasının müəllimi Səbinə Əliyeva , Təlimdə innovasiyalar və Əlavə təhsil kafedrasının müəllimi Vəfa Yunusova və İngilis dili üzrə tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müəllimi Fialə  Abdullayeva iştirak  edibdilər. Adıçəkilən müəllimlər amerikalı tələbələrə 8 həftə ərzində koordinatorluq edəcəklər

Xatırladaq ki, bu ilin Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrində bilən tələbələr daxildir. Proqrama ev sahibliyini Azərbaycan Dillər Universiteti edəcək. Proqram həftədə azı 20 saat olmaqla  qruplarda keçirilən intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edir. İştirakçılar Azərbaycan dilində sərbəst danışıq inkişaf etdirəcəklər və “dil yaşıdları”na (ev sahibi ölkənin universitet tələbələrinə) ailələrlə birgə yaşamaqla Azərbaycanın zəngin mədəniyyəti haqqında daha çox öyrənəcəklər. ÖDS iştirakçıları təqaüd  proqramından sonra da dili öyrənməyə davam edəcəklər və önəmli dil vərdişlərini  öz gələcək professional karyeralarında tətbiq edəcəklər.

Bu ilki Önəmli Dil Tələbələri Azərbaycan dili də daxil olmaqla 14 prioritet dili öyrənən 575 ABŞ bakalavr və magistr tələbələrinin arasındadırlar. Onlar meyarlı seçim prosesində 5200 ərizəçi arasından seçiliblər.

2006-cı ildə ABŞ Dövlət Departamenti amerikalı tələbələrin xarici ölkələrdə önəmli dilləri öyrənmək imkanlarını artırmaq məqsədilə İntensiv Yay İnstitutları üçün Önəmli Dil Təqaüdləri Proqramını başlatdı. Proqram ABŞ dövlətinin Azərbaycan dili kimi önəmli dilləri öyrənən və inkişaf etdirən amerikalıların sayını artırmaq təşəbbüsünün bir hissəsidir.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular