Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Milli Məclisinin deputatı, “İqtisadi və Sosial İnnovasiyalar İnstitutu”nun rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əli Məsimlinin “Azərbaycan Respublikasında qanun yaradıcılığı prosesinin təşkili, İqtisadi qanunvericilik sahəsində səmərəliliyin artırılması və onun müasir çağırışlara uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, perspektiv planlar” mövzusunda ustad dərsi keçirilib.
Modern.az-ın məlumatına görə, dərsdə ADPU-nun Şəki filialının müəllimləri və tələbələr iştirak ediblər.
Filialın direktoru r.ü.e.d. Rafiq Rasulov tədbiri açaraq bu gün təşkil edilən ustad dərsinin keçirilməsində əsas məqsədin qanunverici hakimiyyətin fəaliyyətinin əsas istiqamətləri ilə tələbələri tanış etmək olduğunu və deputat Əli Məsimli ilə əldə edilmiş razılaşmaya əsasən gələcəkdə də tədris ili ərzində dövrü olaraq bir neçə dəfə filialın müəllim və tələbələrinin maraq dairələrinə daxil olan müxtəlif mövzularda ustad dərslərinin təşkil ediləcəyini vurğulayıb. Daha sonra sözü millət vəkili Əli Məsimliyə verib.
Ustad dərsində Milli Məclisin fəaliyyətinin konstitusion əsasları, onun daxili nizamnaməsi və komitələrinin fəaliyyəti haqqında geniş söhbət açılıb, qanunverici orqanda qanun yaradıcılığı prosesindən ətraflı bəhs edilib, yeni qanunların hazırlanması zamanı əsas tutulan başlıca hüquqi norma və prinsiplər, onların mahiyyəti haqqında ətraflı məlumat verilib.
Ustad dərsinin gedişində Azərbaycan Respublikasında iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülmüş işlər haqqında məlumat verilib və qeyd edilib ki, islahatların dərinləşdirilməsi və genişləndirilməsi iqtisadiyyatın şaxələnməsinin və inkişafının hüquqi tənzimlənməsinə xidmət etməli olduğundan bu istiqamətdə səmərəli və müasir çağırışlara cavab verən qanunvericilik bazasının formalaşdırılması və həmin qanunların uğurlu icra mexanizmlərinin tapılması olduqca vacibdir.
Daha sonra Əli Məsimli Azərbaycan Respublikasında qanunvericilik təşəbbüsünün subyektlərindən biri kimi ötən illər ərzində gördüyü işlər və hazırladığı qanun layihələri haqqında ətraflı məlumat verib. Natiq Milli Məclisin 2017-ci ilin payız sessiyasının qanunvericilik işləri planında həyata keçirilməsi nəzərdə tutulan məsələlər haqqında ətraflı məlumat verərək, millət vəkili kimi payız sessiyasında fəaliyyətinin əsas prioritet istiqamətləri haqqında söhbət açıb.
Sonda Əli Məsimli dərs iştirakçılarının suallarını cavablandırıb.
2017-ci ilin oktyabr ayının 25-də Şəkiyə səfəri çərçivəsində Milli Məclisin deputatı Əli Məsimli həmçinin “Şəki İpək” ASC-də olaraq, istehsal prosesi ilə yaxından tanış olmuşdur. Müəssisənin rəhbərliyi və işçilərlə söhbət zamanı qədim ənənələrə malik olan bu müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlər barədə fikir mübadiləsi aparmış, bu istiqamətdə geniş bir konsepsiyanın hazırlanması istiqamətində razılıq əldə edilib.