Modern.az

“Atena” və “Bizon” Facebook-da nəyi bölə bilmirlər...  

“Atena” və “Bizon” Facebook-da nəyi bölə bilmirlər...   

31 Oktyabr 2017, 16:40

Hazırda bütün sahələrdə rəqabətin olduğunu bilirik. Bu baxımdan şirkətlər  müəyyən marketinq strategiyası formalaşdırır. Həmçinin,  sosial şəbəkələrdə reklam kampaniyalarının, aksiyaların həyata keçirilməsi, məhsul və xidmətlərin irəliləməsi, eləcə də şirkətin imicinin gücləndirilməsi üçün müəyyən addımlar atılır.

Bir neçə gündür, sosial şəbəkələrdə süd məhsulları və enerji içkisinin satışı ilə məşğul olan iki şirkət arasındakı “atışma” əksəriyyətə məlumdur. Söhbət “Atena” və “Bizon” şirkətlərindən gedir:

“Atena-Təbii enerjini süddən al.

Bizon- Südünü iç, yat! Biz gecələri də oyağıq.

Atena - Biz onsuz da südümüzlə məsələni H*LL etmişik”.
 

Maraqlıdır, fərqli  müştəri potensialı olan hər iki şirkətin bu cür addımı düzgündürmü?

Məsələ ilə bağlı marketinq üzrə ekspert Yusif Vəliyev Modern.az-a açıqlama verib. O bildirib ki, şirkətlərin bu addımı məntiqsizdir:

“Eyni sektorda fəaliyyət göstərən əsas şirkətlər arasında  hər zaman bu kimi reklam taktikaları, savaşlar olur. Məsələn, “Coca-cola” ilə “Pepsi” şirkətləri buna nümunədir. Onlar daim bir-birilərinə qarşı bu cür addım atırlar. Bu, marketinqdə tez-tez rast gəlinən hadisədir.

 Bildiyiniz kimi rəqiblər əsas və potensial olmaqla iki formada olur. Tutaq ki, içki sektoru var  və bu, geniş sektordur. Bura çay, süd, enerji içkiləri, alkoqollu içkilər və.s daxil ola bilər. Hər bir sektorun öz  rəqibləri var. Yəni birinin müşətirisi digərinin də müştərisi olmalıdır deyə, bir şey yoxdur. Kofe içən biri enerji içkisi içməyə bilər. Hazırda rəqabətin güclü olduğu dövrü yaşayırıq. Şirkətlərin öz sektorunda kifayət qədər rəqibləri var. Bu baxımdan “Atena” ilə “Bizon” və ya digər enerji içkiləri arasında gedən mübarizə çox əhəmiyyətsizdir”.

Müsahibimiz qeyd edib ki, şirkətlərin hazırkı marketinq siyasəti gündəmə gəlmək üçün atılan addımdır:

“Əgər hər iki şirkət böyük bazar payına sahibdirsə, öz sektorunda liderdirsə və bütün rəqiblərini üstələyibsə, o zaman digər sektordan olan şirkətlərlə rəqabət apara bilərdilər. Məsələn, “Atena”nın digər süd şirkəti ilə, yaxud “Hell”in “Red Bull”la mübazirəsi mümkündür. Amma bir sektorun başqa bir sektorla mübarizəsi uğursuzluqdur.

Düzdür, hər iki  şirkətin uğuru və özünə görə müəyyən bazar payı var. Amma heç biri  öz sektorunun hazırkı vəziyyətində dominant deyil. Adətən iki lider arasında bu cür reklam atışmaları olur. Bu baxımdan şirkətlərin  hazırkı strategiyasını yalnız gündəmə gəlmək üçün atılan addım kimi qiymətləndirə bilərik.  Ola bilər, bu iki şirkət arasında razılaşdırılmış formada edilsin və ya əksinə. Hər iki halda marketinq baxımından bu cür addıma ehtiyac yox idi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?