Dünən Bakıda tarixi hadisə yaşandı. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı mərasimi baş tutdu. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.
Millət vəkili Adil Əliyev layihənin əhəmiyyətindən danışmaqla yanaşı, bu iri layihələrin Ermənistanın iqtisadi mühasirəsinin daha da gücləndirdiyinə diqqət çəkib.
“Nəhayət necə zaman idi ki, səbrsizliklə gözlədiyimiz Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı baş tutdu. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasına inanmırdılar. Azərbaycan,Gürcüstan,Türkiyə rəhbərliyinin vahid iradəsi və qətiyyəti layihənin gerçəkləşməsini sürətləndirdi. Layihənin bölgə üçün önəmi böyükdür. Azərbaycan olaraq, faydasını sonradan hiss edəcəyik. Xüsusilə,layihə bütün türk dünyası üçün strateji önəm kəsb edir. Türk birliyini və həmrəyliyini sürətləndirəcək.Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələrə xüsusi implus verəcək. Ən vacibi odur ki,BTQ Asiya və Avropa arasında körpü rolunu oynacaq. Ermənistan da narahatdır. İrəvan mat vəziyyətindədir. Çünki regionda baş tutan iri iqtisadi layihələr, Ermənistanın iqtisadi mühasirəsini sürətləndirir. Açılışlar İrəvana rəsmi Bakı tərəfindən tutarlı bir mesajdır: Nə qədər ki, gec deyil İrəvan işğalçı siyasətindən əl çəkməlidir”.
“Ermənistan bundan nəticə çıxartmalıdır”. Bu sözləri isə Türk Hərəkatı Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim bildirib.
Millət vəkili dünən önəmli gün olduğunu qeyd edib: “10 ildən sonra layihənin gerçəkləşməsi münasibətilə hər kəsi təbrik edirəm. Açılışla Azərbaycan Avropanın diqqət mərkəzin idi. Bu,düzgün siyasətin nəticəsidir. Şübhəsiz ki, zamanla bunun Azərbaycana iqtisadi faydaları çox olacaq. Sirr deyil ki, Azərbaycan regionda güclənir. İşğalçı Ermənistan bundan nəticə çıxartmalıdır. Müəyyən vaxtdan sonra Ermənistan get-gedə güclənən və inkişaf edən Azərbaycan qarşısında davam gətirə bilməyəcək”.
Elnur Eltürk