Modern.az

Oğuz-Qəbələ-Bakı kəmərindən Nizami və Xətai rayonlarına da su verildi

Oğuz-Qəbələ-Bakı kəmərindən Nizami və Xətai rayonlarına da su verildi

14 İyun 2011, 16:53


Bu gündən başlayaraq Bakının Nizami və Xətai rayonlarının sakinləri  də Oguz-Qəbələ-Bakı su kəmərinin suyundan içə biləcəklər.

Bu barədə Modern.az saytına “Azərsu” Səhmdar Cəmiyyətindən məlumat daxil olub. Verilən məlumatda o da qeyd edilir ki, eyni zamanda, bu gündən etibarən kəmərdə suyun həcmi də artıb. Belə ki, əvvəllər kəmərdən axan suyun həcmi saniyədə 4 kub metr idisə, bu gündən etibarən 4,3 kub metr su axır.

Qeyd edək ki, bu günə qədər Oğuz -Qəbələ-Bakı su kəmərinin suyu Yasamal, Səbail, Nəsimi, Binəqədi və Nərimanov rayonlarına verilirdi.

“Oğuz-Qəbələ-Bakı su kəmərində suyun artması Bakı şəhərinə suyun verilmə qrafikində ciddi şəkildə dəyişiklik yaradıb. Belə ki, hazırda Nəsimi və Yasamal rayonlarının abunəçilərin 85%-dən çoxu fasiləsiz su ilə təmin olunur.

Nərimanov rayonunda anoloji məsələ 75%-dən artıqdır. İndiyə kimi paytaxtın Bakıxanov qəsəbəsinə gün ərzində 4-5 saat su verilirdisə, hazırda bu 12 saata çatdırılıb. Bundan başqa, Patamdara fasilələrlə, Lökbətan qəsəbəsi də fasiləsiz su ilə təmin olunub”-deyə “Azərsu”-dan bildirilib.

Bakı şəhərini keyfiyyətli içməli su ilə təmin etməli olan Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı ötən ilin sonlarında baş tutub.

Diametri 2 metr olan şüşəlifli poliestr borulardan (GRP) quraşdırılmış 262 kilometr uzunluğunda boru kəməri suyun öz axını ilə Bakı şəhərinə nəqlini təmin edir.

Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrini istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması və beləliklə də əhalinin yüksək keyfiyyətli su ilə təmin edilməsidir. Bunun üçün təxminən 150 metr dərinlikdə və 350 mm diametrində olan 75-ə qədər istismar quyusundan ibarət sugötürücü qurğu tikilib. 

Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına 2007-ci ildə başlanılıb və 2010-cu ilin dekabrın 28-də kəmərin açılışı olub. Layihənin ilkin dəyəri 300 mln. manat həcmində qiymətləndirilib. Lakin üç il ərzində qiymət iki dəfədən çox artıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular