İyunun 14-də Daşkəsən rayonunun girəcəyində ümumrayon toplantısı təşkil olunub. Daşkəsən rayon İcra Hakimiyyətindən Modern.az saytına bildirilib ki, toplantı 2 hektara yaxın ərazidə yaradılan istirahət parkı və Bayraq Meydanının açılışı münasibətilə keçirilib.
32 metr yüksəklikdə dalğalanan Azərbaycan Respublikasının Dövlət bayrağının uzunluğu 11 metr, eni isə 5,5 metr təşkil edir. İstirahət parkına 1000-ə yaxın ağac tingləri basdırılıb və 2000-dən çox gül və dekorativ ağaclar əkilib. Görülən bütün bu işlərdə Daşkəsən Rayon İcra Hakimiyyəti Aparatının təşəbbüsünə YAP Daşkəsən rayon təşkilatı etibarlı köməkçi olub.
Üçrəngli bayrağı dirəyin zirvəsinə himnin müşayiətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qaldırıb. “Həmin anda səmaya buraxılan 8 ağ göyərçinlər Azərbaycanlıların sülh arzusunu 8 guşədə cəmləşən istək və həyat amalımızı vətən səmalarına qaldırdı”-deyə Daşkəsən rayon İcra Hakimiyyətindən bildirilib.
Sonra ümumrayon toplantısında icra başçısı Əhəd Abıyev Bayraq Meydanının, istirahət parkının istifadəyə verilməsi münasibətilə rayon ictimaiyyətini təbrik edib. “Bu ilki Milli Qurtuluş bayramı daşkəsənlilər üçün ikiqat əlamətdardır. Biz bu bayramı Dövlət Bayrağı meydanı və yeni yaradılmış parkı istifadəyə verdiyimiz təntənəli bir gündə qeyd edirik”-deyə Ə.Abıyev söyləyib.