Modern.az

Turizmlə bağlı Azərbaycan Türkiyə əməkdaşlığı:  Əbülfəs Qarayev Türkiyədə 

Turizmlə bağlı Azərbaycan Türkiyə əməkdaşlığı:  Əbülfəs Qarayev Türkiyədə 

1 Noyabr 2017, 18:06

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1-3 noyabr 2017-ci il tarixində Ankara şəhərində keçirilən 3-cü Milli Turizm Sammitində iştirak etmək məqsədilə Türkiyədə səfərdədir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan Sammitdə turizm sektoru üzrə dünyanın müxtəlif ictimai institutları, müəssisə, birlik, şirkət və qeyri-hökumət təşkilatları nümayəndələri təmsil olunur. Tədbirin açılış mərasimində Rəcəb Tayyib Ərdoğan Türkiyə iqtisadiyyatında turizmin əhəmiyyəti və turizm sahəsində mövcud qlobal çağırışlar barədə çıxış etmişdir.

Səfər çərçivəsində Əbülfəs Qarayev türkiyəli həmkarı Numan Kurtulmuş ilə görüş keçirmişdir. Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri və gələcək layihələr barədə fikir mübadiləsi aparılmışdır. Müzakirə olunan məsələlər arasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış İşçi Qrupun formatının genişləndirilərək turizm sənayesi və mədəniyyət üzrə ixtisaslaşmış assosiasiyaların və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə mədəniyyət və turizm üzrə Azərbaycan-Türkiyə birgə Komissiyasının yaradılması, turizm və rekreasiya zonalarının yaradılması sahəsində əməkdaşlığın qurulması, Bakı – Tbilisi – Qars dəmiryolu üzrə turist mübadiləsinin təşkili yer almışdır.

Nazir Əbülfəs Qarayev Türkiyənin məhz Azərbaycanın İSESKO Baş Konfransına sədrliyi dövründə İSESKO-ya üzv olma niyyətinin reallaşması istiqamətində müsbət addımlar atmasının təqdirəlayiq hal olduğunu qeyd etmişdir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?