Bu gün Tehranda Azərbaycan prezidenti İlham Əliyevin, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib. Modern.az xəbər verir ki, görüşün sonunda dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər.
Prezident İlham Əliyev birinci üçtərəfli Zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə keçən ilin avqustunda Bakıda keçirildiyini, bu formatın gözəl gələcəyinin olduğunu bildirib. “Üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var. Bizim uğurlu əməkdaşlığımız regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır”, - deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada yeganə ölkədir ki, onun Rusiya və İranla quru sərhədi var və bu coğrafi yerləşmə bizə bütün sahələrdə uğurlu əməkdaşlıq etməyə imkan verir. Keçən il əldə edilmiş razılaşmaların artıq həyatda öz əksini tapdığını deyən prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, bu il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin 60 faizdən çox, İranla isə 30 faizdən çox artdığını diqqətə çatdırıb.
Azərbaycanın öz dəmir yolu infrastrukturunu təkmilləşdirdiyini və İran sərhədinə qədər dəmir yolu inşa etdiyini deyən dövlətimizin başçısı hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin istismara tam hazır olduğunu vurğulayıb, Astara-Rəşt dəmir yolunun çəkilməsinin maliyyələşdirilməsi ilə bağlı razılaşma əldə edildiyini, ölkələrimizin dünya enerji təhlükəsizliyinə töhfə verdiyini bildirib.
“Bizim əməkdaşlığımız təbiidir, səmimidir, dostluq və qarşılıqlı hörmət əsasında qurulub”, - deyən dövlət başçısı bu əlaqələrin həm xalqlarımız, həm də region üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Prezident Həsən Ruhani isə bildirib ki, bu görüş üç ölkənin dostluq və səmimiyyətinin göstəricisidir: "Görüşdə “yaşıl gömrük yolu”, iki tərəfli və üçtərəfli milli pul vahidi ilə ticarət və enerji sahəsində müştərək sərmayə və hasilat haqqında razılıq əldə olunub.
Qərara aldıq ki, hər üç ölkənin potensialından istifadə edək. Biz üç Xəzəryanı ölkəyik və bu dənizdən sülh və inkişaf üçün istifadə edirik. Razılığa gəldik ki, ölkələrimizin iqtisadi əlaqələrinin inkişafını asanlaşdıraq".
Rusiya prezidenti Vladimir Putin səmimi şəraitdə keçən üçtərəfli görüşün hər üç ölkə üçün fayda gətirəcəyinə əminliyini bildirib. Sabitliyin qorunması, cinayətkarlıq və terrorizmə qarşı mübarizə sahələrində mühüm məsələlərin müzakirə oldunduğunu deyən Vladimir Putin əsasən iqtisadi məsələlərin diqqət mərkəzində olduğunu qeyd edib.
“Şimal-Cənub” nəqliyyat dəhlizinin artıq test rejimində işlədiyini deyən Rusiya prezidenti bu marşrutun öz səmərəliyini artıq nümayiş etdirdiyini vurğulayıb.
Rusiya, Azərbaycan və İranın karbohidrogen ehtiyatlarının iri istehsalçısı olduqlarını deyən Vladimir Putin bu sahədə səylərin əlaqələndirilməsinin zəruriliyini qeyd edib.
Rusiya dövlətinin başçısı humanitar, təhsil, səhiyyə, mədəniyyət sahələrində əməkdaşlığın, regionlararası əlaqələrin önəmindən danışıb.
21:15
Bu gün Tehranda Azərbaycan prezidenti İlham Əliyevin, İran prezidenti Həsən Ruhaninin və Rusiya prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib. Modern.az xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.
Sonra prezident İlham Əliyev, İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin Zirvə görüşünün Birgə Bəyannaməsini imzalayıblar.
Sonda dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
20:02
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti öz işinə başlayıb. Modern.az İran mediasına istinadən xəbər verir ki, Tehranda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli Zirvə görüşü başlayıb. Görüşdə üç ölkə arasında əlaqələrin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunur.
Dövlət başçıları enreji sahəsində əməkdaşlıq, aktual regional məsələlər, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparırlar.
Qeyd edək ki, konfransın keçirildiyi məkanın ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb.