İyulun 5-də keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayına çağırılacaq qonaqların siyahısı artıq məlumdur. Belə ki, qurultayda 41 ölkədən 800-ə yaxın nümayəndə və qonağın iştirakı gözlənilir. Siyahının hazırlanması özü ilə bərabər bir sıra narazılıqların yaranmasına da səbəb olub. Modern.az-ın məlumatına görə, xaricdə fəaliyyət göstərən bir sıra diaspor təşkilatlarının nümayəndəliklərində dəvət alan şəxslərin adları ilə bağlı narazılıqlar yaranıb.
Disporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov məsələ ilə bağlı Modern.az-a açıqlama verib. O, bildirib ki, azərbaycanlılarının xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının özləri qurultayda təmsil olunacaqlarını şəxsləri seçki yolu ilə seçirlər.
“Dünyada 50 milyon azərbaycanlı yaşayır. Onun 10 milyonu Azərbaycanda, 30 milyonu İranda, qalan 10 milyonu isə dünyanın müxtəlif ölkələrində yaşayır. Bu qurultayaa axı bütün azərbaycanlıları dəvət etmək olmaz, seçim aparılır. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları özləri qurultayda hansı nümayəndələrlə təmsil olunduqlarını seçirlər, siyahını bizə göndərirlər və həmin siyahı da bizim tərəfdən qəbul olunur”.
B.Nəzərov qeyd edib ki, böyüklüyünə, əhatə dairəsinə və əhəmiyyətinə görə hər bir təşkilatdan müxtəlif sayda nümayəndələr dəvət olunur.
“Məsələn, Türkiyə və Azərbaycan Dərnəkləri Federasiyası özündə Türkiyədə fəaliyyət göstərən 20 dərnəyi birləşdirir. Təbii ki, bu böyük federasiyadan bir neçə nəfər dəvət olunacaq. Tək Rusiya Federasiyasından 170, Özbəkistandan 12, ABŞ-dan 24, Almaniya Federativ Respublikasından 45 nümayəndə və qonağın gəlməsi gözlənilir”.
Bəhruz Nəzərov bəzi xaric ölkələrdəki diaspor təşkilatları ilə səfirliklərimiz arasında yaranan anlaşılmazlıqlar barədə məlumatlara “bizdə belə informasiya yoxdur” deyə cavab verib. Bildirib ki, belə hallar olduğu təqdirdə isə aradan qaldırılır.
Aytən ƏLIYEVA