Modern.az

Hamını əsgər aparan müdafiə naziri özü necə möhlət alıb?

Hamını əsgər aparan müdafiə naziri özü necə möhlət alıb?

Aktual

6 Noyabr 2017, 09:35

Ali məktəbə girdinsə, əsgərliyə çağrılmayacaqsan.

İndiyəcən Ermənistanda belə olub. Amma yeni müdafiə naziri Vigen Sarqsayn bu imtiyazı ləğv edən qanun layihəsi hazırlatdıraraq parlamentə təqdim edib.

Modern.az saytı “Azadlıq” radiosuna istinadla xəbər verir ki, qanun layihəsinə görə, hərbi xidmətə möhlət hüququ bir halda verilə bilər.

Ali məktəbə daxil olmuş şəxs müdafiə nazirliyi ilə müqavilə bağlayır ki, təhsilini başa vurandan sonra əsgər gedəcək, özü də 2 il yox, 3 il hərbi xidmət keçəcək.

Bir çoxları düşünür ki, bu, Ermənistan elminə zərbə olacaq, hərbi xidmətdən qayıdan gənclər elmlə məşğul olmayacaqlar.

Amma parlamentdəki müzakirə heç də hamar getmir.

Müxalifət partiyasından olan deputatlar nazirin öz keçmişini, onun keçdiyi hərbi xidməti sorğulamağa başlayıblar.

Necə olub ki, ona 8 il möhlət verilib. 1992-ci ildə əsgərliyə getməli olan Sarqsyan yalnız 2000-ci ildə hərbi xidmətə yollanıb?

Nazir deyir ki, qanunsuz heç bir iş tutmayıb və əgər onun əsgərliyi ilə bağlı sənədlər ictimaiyyətə açıqlansa, bütün şübhələrə son qoyulacaq.

"Yolk" fraksiyasından olan deputat Nikol Paşinyan ölkənin hərbi komissarı Genrix Muradyana müraciət edib ki, nazirə möhlət haqqının hansı əsaslarla verildiyi barədə sənədləri ona təqdim etsin.

Mübahisəni qızışdıran həm də bu günlərdə keçmiş müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryanın Facebook-da yazdıqları olub.

O, ad çəkmədən yazıb ki, "bu gün yüksək tribunadan başqalarına hərbi xidmətlə bağlı dərs keçən məmur vaxtilə özü ordudan yayınıb".

R.Xaçatryan ad çəkməsə də, nazirin mətbuat katibi Arsrun Ovannisyan ona cavab verib. Keçmiş nazirin xanımına cinayət məcəlləsindəki yalan məlumat yayma haqda maddəni xatırladan mətbuat katibi bildirib ki, Sarqsyan ordudan yayınmayıb və heç zaman hərbi polis tərəfindən axtarılmayıb.

Ermənistan hökumətinin saytında qeyd edilir ki, Sarqsyan 1992-96-cı illərdə Sankt-Peterburqda Şimal-Şərq Dövlət Xidməti Akademiyasında təhsil alıb. 1992-99-cu illərdə Yerevan Dövlət Universitetində oxuyub və Diplomatiya tarixi və beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi alıb. 1998-2000-ci illərdə Tafts və Harvard universitetlərinin Hüquq və Diplomatiya üzrə Fletçer Məktəbində təhsil alaraq magistr dərəcəsinə sahiblənib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!