Modern.az

Ramil Usubov Belçika səfirini qəbul edib

Ramil Usubov Belçika səfirini qəbul edib

16 İyun 2011, 18:43

İyunun 16-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lük Truyensi qəbul edib.

Nazir yeni təyinat münasibətilə səfiri təbrik edib, fəaliyyəti müddətində Azərbaycan- Belçika münasibətlərinin daha sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Sonra belçikalı diplomata Daxili İşlər Nazirliyinin hüquq və vəzifələri, fəaliyyət istiqamətləri, eləcə də kriminogen durum barədə ətraflı məlumat verilib. Demokratikləşmə və islahatlar prosesinin daxili işlər orqanlarından da yan keçmədiyindən söz açan daxili işlər naziri ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bir çox Avropa dovlətlərinin daxili işlər nazirlikləri ilə səmərəli əməkdaşlıq etdiyimizi xatırladan cənab Ramil Usubov Belçika Daxili İşlər Nazirliyi ilə  əməkdaşlığın hələlik İnterpol çərçivəsində həyata keçirildiyini, gələcəkdə ikitərəfli  əlaqələrin qurulmasında Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.

O da qeyd olunub ki, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədi ilə son 10 ildə DİO-nun mindən çox əməkdaşı BMT, Avropa Şurası, ATƏT  və digər beynəlxalq təşkilatların xətti ilə müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da, Almaniya, Avstriya, Fransa, Macarıstan və s. Avropa dövlətlərində, Türkiyə, Çin və Misir Ərəb Respublikasında təşkil olunmuş çoxsaylı forum, müşavirə, treninq, seminar və təlimlərdə iştirak edib.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin əsas diqqət mərkəzində dayandığı vurğulanıb.

Səfir Lük Truyens ölkəmizdə vətəndaşların, həmçinin əcnəbilərin normal yaşayıb işləmələri üçün hər cür şəraitin yaradıldığını, Azərbaycanda özünü çox rahat və təhlükəsiz hiss etdiyini qeyd edib. Ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın  günü-gündən inkişaf etdiyini xatırladan səfir fəaliyyəti dövründə iki dövlət, o cümlədən Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular