Modern.az

Bu gün Bakıda 11-cilər buraxılış imtahanı verirlər

Bu gün Bakıda 11-cilər buraxılış imtahanı verirlər

Ölkə

17 İyun 2011, 10:19

Bu gün Bakıdakı orta məktəblərin 11-ci sinifləri üzrə buraxılış imtahanları keçirilir. Modern.az saytının məlumatına görə, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılır. 11-ci sinif şagirdləri ümumilikdə 120 suala cavab verməlidirlər.

Bakı şəhəri üzrə 73 imtahan mərkəzində 25367 nəfər XI sinif şagirdi imtahan verir. Ötən illərdə tam orta təhsil haqqında sənəd almağa müvəffəq olmayan 2017 məzunlar isə 4 imtahan mərkəzində imtahan verirlər.

İmtahan sualları fənlərə uyğun olaraq bu ardıcıllıqla sıralanıb: ana dili və ədəbiyyat -  1 - 25, riyaziyyat – 26 - 50, Azərbaycan tarixi – 51 - 65, fizika -  66 - 75, kimya -  76 - 85, biologiya -  86 - 95, coğrafiya – 96 - 105 və xarici dil -  106 - 120. 

Sabah isə Bakıdakı orta məktəblərin 9-cu sinifləri üzrə buraxılış imtahanları keçiriləcək. Bakı şəhərinin IX siniflərində ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarında 75 imtahan mərkəzi üzrə 35026 şagird iştirak edəcək. Onlar ana dili və riyaziyyatdan imtahan verəcəklər. 50 sualın 25 - i ana dilinə qalan 25 - i isə riyaziyyat fənninə aiddir. 

Hər bir fənn üzrə sualların 20% - dən 50% - nə qədər düz cavab verən şagird “3”, 50% - dən 80% - nə qədər düz cavab verən “4”, 80%-dən 100%-ə qədər düz cavab verən şagird isə “5” ilə qiymətləndiriləcək.  Məsələn, 25 sualdan ən azı 5, ən çoxu 12 suala düz cavab verən şagird “3”, ən azı 13, ən çoxu 19 suala cavab verən şagird “4”, ən azı 20 və daha artıq suala düz cavab verən şagird “5” qiyməti ala biləcək.

Qeyd edək ki, bu günədək respublikanın 59 rayon və şəhərində mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanları keçirilib. İyunun 2-dən başlayaraq keçirilən imtahanların cavabları hələ də açıqlanmayıb. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Modern.az-a deyib ki, cavablar 21-23 iyun tarixlərində elan olunacaq. 

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat imtahanları 2011-ci ilin 23 iyun tari­xin­də Bakı şəhərində keçiriləcək.

Orta məktəb məzunlarına attestatların iyunun 25-dən sonra veriləcəyi gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər