Modern.az

Bəstəkar Tofiq Quliyevin xatirəsi yad olundu

Bəstəkar Tofiq Quliyevin xatirəsi yad olundu

7 Noyabr 2017, 18:55

Noyabrın 7-də mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) doğum günündə məzarını ziyarət etdilər. Məzarın önünə əklil qoyuldu, tər çiçəklər düzüldü, ustad nəğməkarın xatirəsi ehtiramla yad olundu.

 

Anım mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarın həyat və yaradıcılığı haqqında danışdı. Bildirdi ki, Tofiq Quliyev Azərbaycan musiqisində mühüm xidmətləri olan sənətkarlardandır. O, 1934-cü ildə Bakıda konservatoriyada təhsil alıb. Asəf Zeynallının məsləhəti ilə 1931-ci ildə M.Ə.Sabirin “Məktəbli” şeirinə ilk bəstəsini yazıb, konservatoriyanı bitirdikdən sonra Üzeyir Hacıbəylinin təşəbbüsü ilə təhsilini Moskvada davam etdirib.

 

Ömrü boyu Azərbaycan musiqisinə bağlı olan bəstəkar tələbəlik illərində Bülbülün təşəbbüsü ilə “Rast”, “Zabul” muğamlarını nota köçürüb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyən bəstəkar 1958-ci ildə filarmoniyanın bədii rəhbəri, sonradan direktoru olub. O, ilk caz orkestrinin yaradılmasında fəal iştirak edib. Ümumilikdə 80-dən artıq filmə, 50-yə yaxın teatr tamaşasına musiqilər yazıb. Bu musiqilər xalqımızın yaddaşında silinməz iş qoyub.

Ədalət Vəliyev görkəmli sənətkarla davamlı ünsiyyətdə olduğunu bildirdi: “Həyat elə gətirib ki, həm Rus Dram Teatrına, həm də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik etdiyim dövrdə, daha sonra isə nazirlikdə işlədiyim zaman Tofiq müəllimlə mütəmadi ünsiyyətdə olmuşam. O, hər zaman bəstəkarlara dəstək olmağa çalışardı. Ulu öndər Heydər Əliyev Tofiq Quliyevin yaradıcılığına böyük qiymət verib. Hələ sovet dövründə bəstəkar Əməkdar incəsənət xadimi, sonrakı illərdə isə Azərbaycanın Xalq artisti adına layiq görülüb. SSRİ Ali Sovetinin deputatı, müstəqillik dövründə isə parlamentin deputatı olub. Dəfələrlə təltiflərə layiq görülən sənətkarın yaradıcılığına verilən ən ali qiymət Heydər Əliyevin bəstəkara xəstəxanada olarkən təqdim etdiyi “İstiqlal” ordenidir. Bu gün bəstəkarın xatirəsinin əbədiləşdirilməsi istiqamətində müvafiq addımlar atılıb. Adına musiqi məktəbi, küçə, yaşadığı binaya xatirə lövhəsi vurulub. Prezident İlham Əliyev bəstəkarın 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Tofiq Quliyev dövrünün ən böyük ifaçı və şairləri ilə çalışıb, öz musiqisi ilə əbədiyaşarlıq qazanıb”.

 

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək görkəmli bəstəkarla bağlı xatirələrini bölüşdülər. Vurğulandı ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir. Onun mahnıları gözəl qəlbinin, mənəviyyatının təcəssümü idi. İndi də bu nəğmələr ifaçıların repertuarında geniş yer tutur. Bəstəkar Bakının tərənnümçüsü idi. Özü də müsahibələrində bunu dəfələrlə vurğulamışdı.

Qeyd olundu ki, Tofiq Quliyev 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. O, daha çox estrada musiqisinin ustadı kimi tanınıb. Lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri dillər əzbəridir.

Tədbirin sonunda bəstəkarın oğlu, Xalq artisti, kinorejissor Eldar Quliyev anım mərasiminə qatılan hər kəsə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, 1997-ci ildə bəstəkarın  80 illiyinə həsr olunan təntənəli yubiley mərasimində ulu öndər Heydər Əliyev Tofiq Quliyevə xitabən bildirmişdi ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq onun musiqisi yaşayacaq. Bu gün həmin fikir öz təsdiqini tapmaqdadır.

 

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər