İyunun 16-da Maliyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib. Modern.az-ın məlumatına görə, Kollegiyanın gündəliyinə “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı Maliyyə Nazirliyinin qarşısında duran vəzifələr və 2012-ci il dövlət və icmal büdcə layihələrinin hazırlanması işlərinin gedişi haqqında”, Maliyyə Nazirliyin fəaliyyətində İKT və avtomatlaşdırılmış idarəetmə sistemlərinin, həmçinin elektron sənəd dövriyəsi və elektron imza sistemlərinin geniş tətbiqi istiqamətində həyata keçirilən tədbirlər, “Maliyyə Nazirliyinin aparatında, Nazirliyin strukturuna daxil olan dövlət agentlik və xidmətlərində, Naxçıvan MR Maliyyə Nazirliyində və yerli maliyyə orqanlarında 2010-cu il və 2011-ci ilin 5 ayı ərzində kargüzarlığın təşkili, icra intizamının möhkəmləndirilməsi tədbirləri və daxil olan vətəndaş müraciətlərinə baxılması haqqında” və “Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemində dövlət qulluğuna qəbulun vəziyyəti və mövcud problemlər haqqında” məsələlər daxil edilib.
Kollegiya iclasında çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, “2011-ci il dövlət büdcəsi haqqında” Qanunda müvafiq dəyişikliklər edilib və artıq qanun ölkə başçısı tərəfindən imzalanıb. Dəyişikliyin əsas mahiyyəti əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması olub. Qeyd olunan xərclər üzrə tələb olunan 3193,2 mln. manat həcmində maliyyə təminatının yaradılması üçün 2011-ci il dövlət və icmal büdcələrinin gəlirlərinin artımı istiqamətində müvafiq dəyişikliklər edilib.
Nazir 2011-ci il dövlət büdcəsinə yenidən baxılması ilə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələrin vaxtında və kefiyyətlə icra olunması ilə bağlı Nazirliyin aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə, yerli maliyyə orqanlarına konkret tapşırıqlar verib.
Kollegiyada Maliyyə Nazirliyin fəaliyyətində İKT və avtomatlaşdırılmış idarəetmə sistemlərinin, həmçinin elektron sənəd dövriyəsi və elektron imza sistemlərinin geniş tətbiqi istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilib və qeyd olunub ki, Prezidentin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» 2011-ci il 23 may tarixli Fərmanından irəli gələn vəzifələrin icrasına başlanılıb. Nazirlikdə elektron sənəd dövriyəsi və elektron imza sistemi tətbiq edilmiş və hazırda bu sistemlərin daha geniş şəkildə yayılması istiqamətində iş aparılır. Eyni zamanda, elektron xidmətlərin göstərilməsi üçün Nazirliyin rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsinin yaradılması nəzərdə tutulub ki, bu da vətəndaşlar tərəfindən doldurulmuş ərizə və digər sənədlərin surətlərinin elektron formada qəbulu, bununla bağlı təsdiqetmə bildirişinin göndərilməsini təmin edəcək.
Qeyd olunub ki, aprel ayından Nazirliyin bir sıra xəzinədarlıq idarələrində xəzinədarlığın idarə edilməsinin avtomatlaşdırılmış informasiya sistemi tətbiq edilib və sistemin 2011 –ci il ərzində daha da genişləndirilməsi qərara alınıb. Dövlət Xəzinədarlığ Aqentliyinin tam avtomatlaşdırılması büdcə vəsaitlərinin xərclənilməsi prosesinə şəffaflıq gətirməklə yanaşı, büdcə əməliyyatlarının icrasının sürətini və keyfiyyətini artıracaq. Müzakirələr zamanı yerli maliyyə orqanlarının mərkəzi aparatın rəqəmsal avtomatlaşdırılmış telefon stansiyası və daxili kompüter şəbəkəsi ilə əlaqələndirməsinə və onun əsasında Nazirliyin vahid daxili telekommunikasiya sistemini yaradılmasına dair təkliflər verilib.
Dövlət qulluğunda olmanın yaş həddi ilə bağlı “Dövlət qulluğu haqqında” Qanunda edilmiş dəyişikliklərin tətbiqi barədə məsələlərin müzakirəsi zamanı isə, həmin Qanunun icrası istiqamətində zəruri tədbirlərin görülməsi, Nazirliyin vahid sistemi üzrə müvafiq vəzifə tutan dövlət qulluqçularının yaş həddi ilə əlaqədar dövlət qulluğuna xitam verilməsi və ya çalışma müddətinin uzadılması ilə bağlı məsələlərin araşdırılması və qeyd olunan halların tənzimlənməsi məqsədilə daxili prosedur qaydaların hazırlanması Nazirliyin aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinin, yerli bölmələrin və tabeliyində olan digər qurumların rəhbərlərinə tapşırılıb.
Kollegiyada bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcənin yerli gəlir və xərclərinin tərtibi prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında, o cümlədən hesabat və məlumatların vaxtında və kefiyyətlə Nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunub. Bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə yerlərdə olan bəzi çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Kollegiya iclasının yekununda müzakirə edilən məsələyə dair müvafiq qərarlar qəbul edilib.
Modern.az