Modern.az

Həkim və psixoloq vərəm xəstələrinə olan münasibəti PİSLƏDİ

Həkim və psixoloq vərəm xəstələrinə olan münasibəti PİSLƏDİ

Aktual

8 Noyabr 2017, 12:20

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada hər il 9 milyon insan vərəm xəstəliyinə tutulur və 1,8 milyon insan bu xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Azərbaycanda vərəm xəstəliyi ilə mübarizə məqsədi ilə vərəmin aşkarlanması, müalicəsi və profilaktikası sahəsində aktiv tədbirlər həyata keçirilir. Lakin buna baxmayaraq, respublikada vərəmin epidemioloji vəziyyəti gərgin olaraq qalır. Xüsusilə qış aylarında immun sisteminin zəifləməsi səbəbindən vərəmə yoluxma da təhlükəli hal alır.

 

Azərbaycan Tibb Universitetinin Ftizatriya Kafedrasının müdiri, dosent Rafiq Bayramov Modern.az-a bildirib ki, hər fəsildə vərəmə yoluxmaq mümkündür.

 

“Amma vərəm çöpləri ilə yoluxmuş insanlarda bu çöplərin aktivləşib xəstəlik yaratması üçün əlverişli şərait olmalıdır. Bunlardan biri də soyuq fəsillərdə müxtəlif tənəffüs infeksiyaları ilə yoluxma, soyuqlama və orqanizmin immun qabiliyyətinin zəifləməsi nəticəsində vərəm çöplərinin aktivləşərək vərəm xəstəliyi törətməsidir. Bunun qarşını almaq üçün vitaminlə zəngin qidalar qəbul etmək, soyuqlamadan və respirator virus infeksiyalarından qorunmaq lazımdır. Əgər respirator virus infeksiyaları ilə yoluxma və xəstələnmə baş veribsə, müalicə olunmaq, əlamətlər keçməzsə, xüsusilə əgər 3 həftədən çox öskürək davam edərsə, mütləq bəlğəmin müayinəsi və ağciyərlərin rentgenoloji müayinəsi məsləhətdir” – R.Bayramov qeyd edib.

 

“Vərəmlə Mübarizə Haqqında” qanuna əsasən, vərəmlə ilk dəfə xəstələnmiş və ya vərəmin residivi olan şəxslərə əmək qabiliyyətinin itirildiyi gündən başlayaraq, tibbi-sosial və epidemioloji göstərişlər nəzərə alınmaqla, 12 ayadək müddətdə əmək qabiliyyətinin itirilməsi barədə sənəd verilir. Və həmin şəxs 1 il müddətinə kollektivə buraxılmır. Respublikada hər il təxminən 4-5 min yeni vərəmli xəstə aşkar olunur. Müalicə almasına, yoluxuculuğunun itib getməsinə baxmayaraq, cəmiyyət tərəfindən vərəm xəstələri birmənalı qarşılanmır. Belə münasibətlə qarşılaşan xəstələr isə nəticədə özünə qapanır və onların psixoloji durumlarında ciddi problemlər yaranır.

 

Dosent bildirir ki, qədim dövrdən vərəm xəstəliyi ilə xəstələnmə dedikdə yaşayış şəraiti, həyat tərzi normal olmayan, alkaqolik, narkoman, həbsxanada olan və s. şəxslərin yoluxması başa düşülürdü.

 

“Düzdür, bu qrupdan olan insanlar vərəmlə daha çox xəstələnir, amma həyat tərzi, yaşayış şəraiti normal olan, zərərli vərdişləri olmayan insanlar arasında da vərəmlə xəstələnmə halları az deyil. Əbəs yerə deyilməyib ki, vərəm elə xəstəlikdir ki heç kimə əvvəlcədən vizit kartını göndərmir. Yəni hər kəs vərəmlə xəstələnə bilər. Həmçinin vərəm tam sağalan xəstəlikdir və buna görə də vərəmə qarşı cəmiyyətdəki qorxu doğru deyil. Sözsüz, bu münasibət xəstələrin sağlamlığına və müalicənin keyfiyyətinə mənfi təsir göstərir. Bu xofun olmaması üçün cəmiyyətin bu sahədə maarifləndirilməsi lazımdır. Xəstəliyin yoluxuculuğunun keçib getmə müddəti isə fərdi ve fərqlidir.

 

Ayrı - ayrı xəstələrdə və vərəmin müxtəlif formalarında yoluxuculuq müxtəlif vaxta itə bilər. Ümumiyyətlə isə vərəm xəstəliyinin yoluxucu forması aşkar olunub, müalicəyə başladıqdan təxminən 1-2 ay sonra , adətən, yoluxucu olmur. Bu xəstələr yoluxucu olduğu müddətdə izolyasiya olunmalıdır. Müalicənin müəyyən dövründə yoluxuculuq itsə də, müalicə davam etdirilməlidir. Vərəmin ən məhdud forması ilə xəstələnən şəxs belə, ən azı 6-8 ay fasiləsiz olaraq vərəm əleyhinə müalicə olunmalıdır. Dərmanlara davamlı vərəmin müalicəsi isə daha uzun müddətlidir. Bu baxımdan həmin xəstələrin kollektivə buraxılma müddəti də müxtəlifdir.”

 

Psixoloq Könül Mikayılzadə vurğulayır ki, heç kim vərəm xəstəliyi də daxil olmaqla hansısa xəstəlikdən sığortalanmayıb.

 

“Bu xəstəlik ağız suyu vasitəsilə yoluxur, amma müəyyən xəstəliklərin dərinləşməsi nəticəsində də vərəm yarana bilər. Bu cür insanlar cəmiyyət tərəfindən nə qədər dışlanarsa, bir o qədər depressiv hallar çoxalar və intiharlar artar. Əlbəttə ki, cəmiyyət xəstəliyin hansı yollarla keçdiyini dəqiq bilsə, bu cür insanlara münasibət birmənalı olmaz. Hər şey psixolojidir. Əgər beyinə təlqin etsək ki qarşımızdakı insan vərəmdir və mənə bu xəstəliyi ötürəcək, inanın ki, vərəm xəstəsi yox, o insan beynində o xəstəliyi çağırıb ona yoluxacaq. İnancın təlqini çox güclüdür. Ümumiyyətlə tək vərəm xəstələrinə yox, bütün xəstələrə bunun sadəcə bir xəstəlik olduğunu və qısa vaxt ərzində sağalacağını təlqin etsək, əlbəttə ki, dünyamız çox gözəl bir yer olar. Ayrıca bunu da qeyd edim ki, mənim vərəm xəstəliyinə tutulmuş pasientim olub. Çox yaxşı bir xanımdır, biz onunla uzun müddət seans aparmışıq, indi sağalıb həm səhhəti, həm sosial həyatı da çox yaxşıdır. Qarşımızda hansı xəstəliyin daşıyıcısı olursa olsun, öncə empati yaratmaq mütləqdir. O zaman qorxularımıza yox, cəsarətimizə yenilərik”.  

 

“Ümumiyyətlə vərəmin sağalan xəstəlik olması, əlamətləri, hər kəsin vərəmlə xəstələnə bilməsi, nə qədər tez aşkar olunub müalicəyə başlanılarsa, müalicənin bir o qədər effektli olması, profilaktika üsulları və s. haqqında video çarxların, mütəxəssis rəylərinin mediada tez-tez işıqlandırılması vacibdir”- psixoloq əlavə edib.

 

Hər il dünyada 9 milyon insanın vərəmlə xəstənməsi yüksək rəqəmdir. Vərəmdən qorunmaq və yayılmasının qarşısını almaq üçün aktiv vərəm daşıyıcılarının yaşadığı obyektlər mütəmadi olaraq dezinfeksiya olunmalıdır. Xəstə özü isə gigiyenik qaydalara əməl etməli, otagın havası daim dəyişməlidirlər.

 

Nəzrin CAVİD

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər