Modern.az

2 Milyardıncı ton Azərbaycan nefti

2 Milyardıncı ton Azərbaycan nefti

8 Noyabr 2017, 15:12

Bununla bağlı «İki sahil» qəzeti xüsusi  buraxılış  hazırlayıb

                      

«İki sahil» qəzetinin 2 milyardıncı ton   Azərbaycan neftinin hasil  olunması münasibətilə hazırladığı  82  səhifəlik   xüsusi buraxılış neft sənayemizin tarixində  baş verən mühüm hadisələri özündə əks etdirir. Maraqlı  yazılar,  ayrı-ayrı dövrlər üçün  şəkillər  və  yüksək  poliqrafik  tərtibat  diqqət çəkir.

 

Qəzetin üz qabığında yer alan dövlətimizin başçısı İlham Əliyevin  «Neftin vətəni Azərbaycandır, neft sənayesi, bax, buradan başlanmışdır. Bu gün-artıq 200 ilə yaxın vaxt keçəndən sonra da Azərbaycan dünyada  neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir. Bu gün bizim neftimiz xalqımıza məxsusdur» fikirləri  tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın davamlı uğurlarında bu amilin rolunu xüsusi önə çəkir.     Xüsusi buraxılışın  növbəti səhifəsində Azərbaycanda  bir milyardıncı ton neftin  1971-ci il martın 28-də çıxarılması faktı, ölkə Prezidenti İlham Əliyevin   iki milyardıncı ton neftin hasil edilməsi  münasibətilə 7 noyabr   2017-ci il tarixli «Azərbaycan Respublikasında neft  sənayesi işçilərinin təltif edilməsi haqqında», «Azərbaycan neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin  fərdi təqaüdünün verilməsi haqqında», «Azərbaycan Respublikasında  neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında» sərəncamları yer alıb. 

 

«Bu şanlı nailiyyət  ilk növbədə  əsası ulu öndər Heydər Əliyev  tərəfindən qoyulan  və bu gün  Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin  müdrik rəhbərliyi ilə  uğurla davam etdirilən  qalibiyyətli enerji strategiyamızın  zəfər təntənəsidir… Azərbaycan neft-qaz sənayesinin böyük bir dövrü Ulu Öndərin adı ilə sıx bağlıdır.  Bugünkü uğurlarımız  hələ sovet dövründə  Onun gərgin  əməyi sayəsində  axtarış-kəşfiyyat, qazma, hasilat, emal və başqa  sahələrdə  yaradılmış  zəngin infrastruktur  potensialının gücünə  əsaslanır.»  Bu fikirlər SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin   2 milyardıncı  ton Azərbaycan neftinin hasil olunması münasibətilə  təbrikində   əksini tapıb. O da qeyd edilir ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən  dövrün tələblərinə  uyğun  təkmilləşdirilmiş  enerji strategiyası  ötən illərdə ölkəmizə  böyük nailiyyətlər qazandırmış və bu gün də  qeft-qaz sənayemizi yeni-yeni qələbələrə aparır.  Neft-qaz hasilatında  əldə olunan  nailiyyətlər  SOCAR-ın inkişafı üçün böyük imkanlar yaratmışdır. Azərbaycan bu gün Avropanın ən böyük  enerji və infrastruktur  layihəsi olan  «Cənub Qaz Dəhlizi»nin təşəbbüskarı və  avanqard  qüvvəsi kimi  bütün dünyada  böyük etimad  qazanmışdır.

 

R.Abdullayev təbrikində  qədim neft diyarı Azərbaycanın  şöhrətinin dünyaya  yayılması naminə misilsiz əmək sərf etmiş bütün  neftçilərə,  həyata keçirilən  regional və qlobal əhəmiyyətli  layihələrdə  əməkdaşlıq edən hər kəsə  təşəkkürünü bildirir.

 

«Azərbaycan neftinin tarixi çox qədim  dövrlərə gedib çıxır», «ABŞ və Rusiyanın neft mübarizəsində Bakının rolu», «Əgər neft şahzadədirsə, Bakı onun tacıdır», «Bakı nefti faşizm üzərində qələbənin qazanılmasında həlledici amil oldu», «Azərbaycan neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır», « Yeni neft strategiyasının uğurlu icrası: 2 milyardıncı ton Azərbaycan neftinin hasilatına aparan yol», ««Yeni əsrin müqaviləsi» müstəqil Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafının əsasıdır» kimi məqalələrdə Azərbaycan neftinin şöhrəti, uğurlara geniş yol açması, ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində rolu,  neft kapitalının insan kapitalına çevrilməsinə  apardığı yol və s kimi məqamlar geniş təhlil olunur. Neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın inkişaf yoluna isə  möhtərəm Prezidentimiz İlham Əliyevin bu fikirləri ilə diqqət yönəldilir: «SOCAR beynəlxalq enerji  şirkətinə çevrilib. İlk növbədə ona görə ki, Azərbaycanda belə genişmiqyaslı böyük layihələr icra edilmişdir…» Həmçinin «Neft tariximizdən» adı altında məqalədə ayrı-ayrı illərin neft sənayesinin inkişafında statistik faktların önəmi oxuculara çatdırılır.  

 

Dövlətimizin başçısı İlham Əliyevin xüsusi yer aldığı  «Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın yeni neft strategiyası bu gün ölkəmizin uğurlu inkişafını təmin edir» fikirləri 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisidir. 1994-cü il sentyabrın 20-də  Ulu Öndərin rəhbərliyi ilə «Əsrin müqaviləsi»nin imzalanması  Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə, dünya iqtisadi sisteminə inteqrasiyasına yol açdı. Ondan sonra imzalanan müqavilələr Azərbaycana, dövlətimizin həyata keçirdiyi siyasətə inamı bir daha ortaya qoydu. «Əsrin müqaviləsi»nin 23 illiyi ərəfəsində «Yeni əsrin müqaviləsi»nin imzalanması bir daha ölkəmizin beynəlxalq aləmdə yeri və roluna, enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrə işıq saldı. Artıq TAP, TANAP, «Cənub Qaz Dəhlizi»nin perspektivləri, çoxtərəfli əməkdaşlığa açılan yol geniş təhlil olunur. Dövlətimizin başçısı İlham Əliyev BTC və BTƏ neft-qaz kəmərlərini dünyaya açılan pəncərə kimi dəyərləndirir. Bu reallıq da qeyd edilir ki, BTC və BTƏ neft qaz layihələri icra edilməsəydi, bu gün «Cənub Qaz Dəhlizi»ndən danışmaq qeyri-mümkün idi. «Yeni əsrin müqaviləsi» 23 ilin uğurlarına əsaslanaraq, qarşıdakı illərin hədəflərinə stimuldur. Son 14 ildə ölkə Prezidenti İlham Əliyevin «Neft kapitalını insan kapitalına çevirək» tezisi məhz neft amilinin iqtisadiyyatımızın inkişafında rolundan, neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təmin edilməsindən qaynaqlanır.

 

Xüsusi buraxılışa ulu öndər Heydər Əliyevin    «Azərbaycanın  böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın   yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir» fikri ilə  sonluq verilir.  Bu sonluq dünənimizə, bu günümüzə baxış,  perspektivlərimizin müəyyənləşdirilməsidir.

Sizə yeni x var
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var