Aparıcı rolları oynamaq üçün kastinq elan edilib
Azərbaycan istehsalı olan və keçmiş SSRİ-də populyar olan “Qorxma, mən səninləyəm” filmi tamaşaçıların yadında xoş xatirələrə qalıb. Modern.az bildirir ki, filmin rejissoru Yuli Qusman “Qorxma mən səninləyəm-2” filminin çəkilişlərinə hazırlaşır. Artıq Bakıda çəkilişlərlə bağlı kastinq başlanıb. Seçimlərə rəhbərlik edən Səbuhi Məmmədov “1nevs.az”a bildirib ki, əsas qəhrəmanları oynamaq üçün 18-22 yaşlı oğlanlar və 15-21 yaşlı qızlar yoxlamaya dəvət edilir. Epizodlarda isə 18-65 yaş arası kişilər müraciət edə bilər.
Kastinqdə iştirak etmək istəyənlər özləri barədə məlumatları göndərə bilərlər. Ətraflı məlumat almaq istəyənlər (050) 712-00-21, (055) 712-00-21 nömrələrinə zəng edə bilərlər.
Klassik kinohitə çevrilən bu film 1981-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilib.
Ssenari müəllifi Yuli Dunski və Valeri Frid olan bu filmin quruluşçu rejissoru Yuli Qusman olub. Filmin bəstəkarı Polad Bülbüloğludur. Baş rolları Polad Bülbüloğlu, Həmidə Ömərova, Lev Durov, Muxtarbəy Kantemirov, Həsən Turabov oynayıb. Film SSRİ-də böyük rezonans doğurmuşdu.
Filmdə hadisələr XIX əsrin sonu - XX əsrin əvvəllərində baş verir. Zülmkarlara qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir. Burada ideal qəhrəmandan, xeyirxah, cəsur, imkansızlara əl tutan, gücsüz adamların müdafiəsinə qalxan sirk artisti Rüstəmdən, onun sədaqətli dostlarından söhbət açılır.
Bu filmin janrını dəqiq təyin etmək çətindir. Burada musiqi də, gözəl mahnılar da var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr də. Ekranda Azərbaycanın n füsunkar təbiəti, onun mənzərəli dağları və vadiləri öz təcəssümünü tapıb.