Daxili İşlər Nazirliyi iyunun 15-dən 16-na keçən gecə saat 00.20 radələrində paytaxtın Yasamal rayonundakı Vidadi küçəsində dörd nəfər naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Celia Devies və Amerika Birləşmiş Ştatlarının vətəndaşı Amanda Eriksona qarşı zor tətbiq edilməklə döyülmələri barədə məlumat yayıb. Modern.az-ın məlumatına görə, DİN bəyan edib ki, hadisə barədə Yasamal rayon Polis İdarəsinə məlumat daxil olub.
Bununla əlaqədar həmin gün İdarənin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1–ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, onu törədənlərin fotorobotları tərtib olunmuş və məhkəmə-tibbi ekspertizası təyin edilib.
Cinayətin açılması və icraçılarının müəyyən edilib tutulması üçün Daxili İşlər Nazirliyinin və Bakı Şəhər Baş Polis İdarəsinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və intensiv tədbirlər həyata keçirilir.
“Bu istiqamətdə görülən işlər nazirliyin rəhbərliyinin nəzarətindədir”-deyə DİN bildirib.
Modern.az