Modern.az

71 polis əməkdaşı işdən kənarlaşdırılıb

71 polis əməkdaşı işdən kənarlaşdırılıb

20 İyun 2011, 09:59


Sumqayıtda “Əgər sizi polis saxlayıbsa” adlı tədbir keçirilib. “Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” ictimai birliyinin və Sumqayıt Gənclər və İdman Baş İdarəsinin  təşkilatçılığı ilə  “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirdə Sumqayıt Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi, polkovnik-leytenant Məhəmməd Yaqubov, Sumqayıt şəhər icra hakimiyyətinin hüquqşünası Zaur Abbasov, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun rəisi Rüstəm Sadıqzadə  və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Sumqayıt Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi, polkovnik-leytenant Məhəmməd Yaqubov son illər qanunvericilik sahəsində bir sıra mütərəqqi dəyişiklərin olduğunu və əsas məqsədin insan hüquqlarının qorunmasına xidmət etdiyini vurğuladı.  
O, polis etikası, davranış qaydaları və vəzifələr haqqında tədbir iştirakçılarını məlumatlandırıb. M. Yaqubov polis-vətəndaş münasibətlərinin qurulmasında maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyini deyib. Polis rəsmisi Sumqayıtda ictimai təhlükəsizlik məsələlərindən də bəhs edib. Şəhərdə neqativ hallara qarşı aparılan mübarizə tədbirlərindən danışan M. Yaqubov bildirib ki, 61 yerdə video-nəzarət kameraları quraşdırılıb ki, bu kameralar vasitəsilə 300 metr radiusunda baş verən hadisələri izləmək olur. Bununla yanaşı, Sumqayıtda 14 polis sahə rəisliyi yaradılıb ki, bu da vətəndaşların şikayətlərinin operativ qaydada araşdırılmasına xidmət edir.   O, mənfi hallara qarşı mübarizədə vətəndaşların polisə yardım etməyinin vacibliyini vurğuladı və gəncləri bu sahədə aktiv olmağa çağırıb.

Sumqayıtda avtoxuliqanlığa qarşı aparılan tədbirlərə toxunan şöbə rəisi 24 nəfər avtoxuliqanın müəyyən edilərək saxlandığını sözlərinə əlavə edib.  Polis orqanlarında aparılan islahatlara diqqət çəkən M. Yaqubov indiyədək 71 polis əməkdaşının orqanlardan xaric edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, bəzi polis əməkdaşlarının öz hüquq və vəzifələrini bilməməsini də istisna etməyib.  Şöbə rəisi polislərin maarifləndirilməsi istiqamətində yüksək rəhbərlik səviyyəsində işlər aparıldığını qeyd edib.

Sumqayıt şəhər icra hakimiyyətinin hüquqşünası Zaur Abbasov isə bu sahədə mövcud olan qanunlar, prosedur qaydalar və digər məsələlərdən danışıb.

Sonda gəncləri narahat edən problemlərlə bağlı fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.  Daha çox yol polisi və sürücülər arasında olan münasibətlərdən bəhs edən sualların ünvanlandığı nəzərə alınaraq növbəti tədbirin bu sahəyə həsr olunması məqsədəuyğun hesab edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal