Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Silahlara Qarşı Mübarizə proqramı tərəfindən Ağstafa rayonunda “Mina Partlayışı Zamanı Ailə Başçısını İtirmiş Ailələrə Sosial Dayaq” layihəsi həyata keçirilir. Bu layihə “Mina Qurbanlarına Yardım” strategiyası çərçivəsində reallaşdırılır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədqiqatı üçün əsas dəstək ANAMA tərəfindən Milli Cəmiyyətə təqdim olunan mina/PHS partlayışı zamanı həyatlarını itirmiş insanların siyahısı olub. Bu siyahı əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyəti partlayış nəticəsində həyatlarını itirmiş ailə başçılarının hazırkı ailə şəraitinin qiymətləndirilməsi prosesini həyata keçirib. 2008-2009-cu illər ərzində Tərtər, Qazax, Ağstafa və Tovuz rayonları üzrə qiymətləndirmə işləri tamamlanıb. Nəticədə Tərtər rayonu üzrə sosial dəstəyə ehtiyacı olan 16 ailə, Qazax rayonu üzrə 6 ailə, Tovuz rayonu üzrə 1 ailə və Ağstafa rayonu üzrə 7 belə ailə qeydə alınıb. Ailələrin özləri ilə aparılan sorğular zamanı aydın olub ki, onların sosial durumu ailə başçısını itirdikdən sonra kəskin olaraq aşağı səviyyəyə enib və kəndlərdə mövcud olan işsizlik problemlərinə görə mina qurbanlarının övladları da işləyərək ailələrinə dəstək ola bilmirlər. Bütün bunları nəzərə alaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Mina Partlayışı Zamanı Ailə Başçısını İtirmiş Ailələrə Sosial Dayaq” layihəsini reallaşdırmağa və bu layihə ilə bu kimi ailələrin sosial durumuna qismən də olsa dəstək verməyə çalışır.
2009-cu ildə layihə çərçivəsində Tovuz rayonundan olan 1 ailəyə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı şəfirliyi ilə sosial dəstək olaraq 1 baş iribuynuzlu heyvan (inək) və onun 1 illik yemi verilib. Bundan sonra 18 iyun 2010-cu il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Qazax rayonundan olan 6 ailəyə də eyni sosial dəstəyi verib. Layihənin davamı olaraq yuxarıda göstərildiyi kimi Ağstafa rayonunda 7 ailənin üzvləri layihə çərçivəsində sosial dayaq olaraq iri buynuzlu heyvanlar və onlar üçün bir illik müddətə lazımi yem ilə təmin olunub.
Kənd icra nümayəndələri, kənd ağsaqqalları bu mühüm layihəni həyata keçirdiyinə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanova və Beynəlxalq Qızıl Xaç Komitəsinə minnətdarləq ediblər.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, 18 iyun 2010-cu il tarixində Qazax rayonundan olan 6 ailəyə layihə çərçivəsində təqdim edilmiş iribuynuzlu heyvanlardan 3-ü artıq bala verərək ailələri sevindirib. Ağstafa rayonunda da eynilə 7 ailəyə təqdim olunmuş iribuynuzlu heyvanlar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən öncədən planlaşdırılmış surətdə bətnlərində balası olaraq alınıbvə ailələrə təqdim olunub. Bu ailələrə təqdim olunan heyvanlardan 5-i artıq bala verib.
Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyəti Tərtər rayonundan olan 16 belə ailəyə də bu layihəni tətbiq etmək üçün BQXK və digər müxtəlif tərəfdaşlarla müzakirələr aparır.
Mail Ağaxanov