Azərbaycan Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin Qaçqın Jurnalistlər Departamenti beynəlxalq təşkilatlara, beynəlxalq jurnalist birliklərinə müraciət edib. Modern.az-ın məlumatına görə, müraciət 20 iyun Ümumdünya Qaçqınlar günü ilə əlaqədar edilib.
“Bu gün - 20 iyun bütün dünyada qaçqınlara mənəvi dəstək günü kimi qeyd edilir.
2000-ci il dekabrın 4-də BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul olunmuş qətnamə ilə belə müəyyən edilib. Bu gün qaçqınların və məcburi köçkünlərin cəsurluğu, mətanət və iradəsi qeyd olunmaqla onlara mənəvi dəstək verilir.
Biz dünyada nə bir qaçqının olmasını istəyirik, nə də belə bir günün qeyd edilməsini. Ancaq nə edəsən ki, insanlığa qarşı olan qüvvələr evində oturub oz işi ilə məğul olan qocaları, qadınları öldürür, oyuncağı ilə oynayan körpələri qətlə yetirir, ya da onları öz dədə-baba torpağından məhrum edirlər. Belə bir şey XXI əsr insanına necə yaraşır?”-deyə müraciətdə qeyd edilib.
Müraciət müəllifləri bildidblər ki, azərbaycanlılar da 20 ildən artıqdır ki, belə problemlər yaşayırlar. Səbəb isə Ermənistanın təcavüzkarlığıdır.
“Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarının 20 faizindən çoxu Ermənistan tərəfindən işğal olunub.
1 milyondan artıq azərbaycanlı qaçqın-köçkün həyatı yaşayır. Bu 20 ildə yeni dünyaya gələnləri də nəzərə alsaq, qaçqınların sayı 1 milyon 300 minə yaxındır.
Otuz minə yaxın insanımız öldürülüb. Minlərlə azərbaycanlı itkin düşüb.
Biz qaçqın jurnalistlərik və bu problemi ailəmizlə birgə yaşayırıq. Sizə müraciətimizin səbəbi isə odur ki, ata-babalarımıza məxsus olan yerlər, onların dəfn olunduğu məzarlıq barədə dəqiq məlumat əldə etmək istəyirik. Çünki Ermənistanın işğalçılığı öz evimizə getməyə imkan vermir”.
Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin üzvləri müraciətdə “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrinə biz jurnalist olaraq səfər etmək istəyirik. Biz valideynlərimizin evinə getmək, evlərinin vəziyyəti barədə onlara məlumat gətirmək istəyirik. Bu işdə səlahiyyət və imkanlarınız daxilində bizə yardımçı olmağınızı xahiş edirik” deyə qeyd ediblər.
Modern.az