Modern.az

AŞPA prezidenti: “Ümid edriəm ki, razılaşma imzalanacaq”

AŞPA prezidenti: “Ümid edriəm ki, razılaşma imzalanacaq”

20 İyun 2011, 14:57

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günü qurumun prezidenti Mövlud Çavuşoğlu mətbuat konfransı keçirib. AŞPA prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünə dair verilən suala cavabında iki ölkənin prezidentləri arasında razılığın əldə edilə biləcəyinə dair ümidlərini ifadə edib. (APA)

“Ümid edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri iyunun 24-də Kazanda keçiriləcək növbəti görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşma imzalayacaqlar. Rusiya prezidenti Dmitri Medvedev bu görüşə sədrlik edəcək. Heç kim prezidentlərin bu görüşdə münaqişənin həllinə dair razılığın imzalanmamasına sevinə bilməz”, - deyə M. Çavuşoğlu vurğulayıb.

O, həmçinin AŞPA-nın Dağlıq Qarabağ alt komitəsində iştirak etməkdən imtina etmələri ilə bağlı erməni jurnalistlərin sualını da cavablandırıb. “AŞPA Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxlu tövsiyə, qətnamə və hesabatlar qəbul edib. Bir şeyi bilmək lazımdır ki, biz AŞPA-nın qəbul etdiyi tövsiyə və qətnamələrin tətbiq olunmasında qətiyyətliyik. Dağlıq Qarabağla bağlı 2005-ci ildə AŞPA tərəfindən qətnamə qəbul edildi və orada aydın göstərildi ki, AŞPA bürosu Dağlıq Qarabağ üzrə Alt Komitə yaratmalıdır”.

M. Çavuşoğlu 2011-ci ilin yanvar ayında AŞPA Bürosunda Alt Komitənin fəaliyyətinin bərpa edilməsinə dair qərar qəbul edildiyini xatırladıb: “Alt Komitənin keçmiş sədri Rassel Constonun vəfatından sonra AŞPA sədri kimi vəzifəm bu məsələni Büronun gündəliyinə salmaq idi və büro əksər səs çoxluğu ilə Alt Komitənin fəaliyyətini yenidən bərpa etməyə qərar verdi, onun sədrini seçdi. Bütün siyasi qruplar Alt Komitənin sədrinin təyin edilməsi prosesində iştirak etdi. Bu Alt Komitə məsələnin əsasən humanitar tərəfləri ilə məşğul olacaq və iki ölkənin qurumdakı nümayəndə heyətləri arasında dialoqun gücləndirilməsinə səy göstərəcək. AŞPA-nın bu məsələdə pis niyyəti yoxdur. AŞPA qətiyyən ATƏT-in Minsk qrupunun işini əngəlləmək və ya iki prezident arasında imzalanacaq razılığa mane olmaq fikrində deyil. Alt Komitənin fəaliyyətinin bərpa edilməsi AŞPA-nın türk əsilli sədrinin təşəbbüsü deyil. Millətindən asılı olmayaraq, hər bir AŞPA sədrinin bu məsələni büronun gündəliyinə salmaq öhdəliyi var”.

Qeyd edək ki, Alt Komitənin bərpa olunmasına baxmayaraq, erməni deputatlar onun işində iştirakdan imtina edirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular