Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin “C” qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” ilə İngiltərənin “Çelsi” klubu arasındakı növbəti oyuna (noyabrın 22-də) az müddət qalıb.
Bundan öncə “Qarabağ” futbol Madriddə “Atletiko” komandası ilə qarşılaşıb və görüş 1-1 hesabı ilə başa çatıb.
“Qarabağ”-“Çelsi” oyunu digər oyunlardan nə ilə fərqlənəcək?
“Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Modern.az-a açıqlamasında bildirib ki, bu oyuna münasibət tamam fərqlidir:
“Artıq biletlərin hamısı satılıb. İnsanların matça marağı da çoxdur. Biz qarşılaşmada böyük tribunanı əhatə edən, təxminən 20 min adamın iştirak edəcəyi xoreoqrafiya şousu planlaşdırırıq. Bu, indiyə kimi hazırlananların arasında ən böyük xoreoqrafiya şousu olacaq”.
N.İbrahimov qeyd edib ki, oyuna nəinki ölkə daxilində, həmçinin digər ölkələrdən də ciddi maraq var:
“Eyni zamanda digər oyunlardan fərqli olaraq bu oyuna bir çox ölkələrin media mənsubları gəlir. Küveyt, Fransa, Amerika, Türkiyə, Gürcüstan, Rusiya, İranın media nümayəndələri bu matç üçün qeydiyyatdan keçiblər. Oyuna münasibət tam başqa səpkidədir. Həmçinin hər zaman olduğu kimi azarkeşlərin rahat şəkildə matça gələ bilməsi üçün nəqliyyat köməkliyi olacaq”.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” görüşü noyabrın 22-də 68 min 700 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.