Peru-Yeni Zenlandiya qarşılaşması ilə 2018-ci ilin Dünya çempionatına vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib. Yeni Zenlandiyanı 2-0 hesabı ilə məğlub edən Peru millisi Dünya çempionatının final mərhələsinə vəsiqə qazanan sonuncu komanda olub.
2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatında bir neçə çempionluğa real namizəd komanda ilə yanaşı, surpriz adlar da var.
Qol.az saytının redaktoru Aydın Bağırov Modern.az-a açıqlamasında bildirib ki, hazırda Dünya çempionatı üçün fovarit ölkələr haqqında danışmaq tezdir:
“Təbii ki, heyəti və potensialı baxımından Dünya çempionatının aşkar fovariti Almaniya millisidir. Ancaq hələ ki,dəqiq proqnoz vermək mümkün deyil. Bunun üçün yay fasiləsini gözləmək lazımdır. Çünki ola bilər ki, hər hansı bir millinin əsas oyunçuları zədələnsin və çempionata gedə bilməyərək komandasını çətin vəziyyətə salsın. Eyni zamanda, komandaların çempionata hazırlıq səviyyəsindən çox şey asılıdır”.
Aydın Bağırovun sözlərinə görə, Dünya çempionatının final mərhələsinə çıxan bəzi komandalar onu da təəccübləndirib.
“Bu ölkələrə Misiri və Səudiyyə Ərəbistanı misal göstərmək olar. Dünya çempionatı elə bir yarışdır ki, hər mundialda yeni gözlənilməz komandalara rast gəlmək olur. Demək olar ki, hər Dünya çempionatının bir sürpriz komandası olur. Bu çempionatdakı surpriz komandalara Misir və Səudiyyə Ərəbistanını misal göstərə bilərəm. Amma təbii ki, çempionatın özündə sürpriz yarada biləcək komandalar haqqında proqnoz vermək üçün hələ tezdir, bunun üçün gələn ilin yayını gözləməliyik”.
A.Bağırov deyir ki, fovarit sayıla biləcək bir neçə millinin Dünya çempionatına vəsiqə qazana bilməməsi də diqqət çəkib.
“Niderland millisindən sonra dördqat Dünya çempionu İtaliya millisi də mundialdan kənarda qalıb. Xatırladaq ki, İtaliya iki oyunun nəticəsinə görə, İsveç millisinə 0-1 hesabı ilə məğlub olmuşdu. Və bu oyun İtaliyanın əfsanəvi qapıçısı Canluici Buffonun son oyunu idi”.
DÇ-2018-ə vəsiqəni təmin edən 32 komanda:
Rusiya (təşkilatçı ölkə), Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka, Braziliya, Kolumbiya, Uruqvay, Argentina, İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı,Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunis, Meksika, Kosta-Rika, Panama, Avstraliya, Peru.
Əbülfəz Kərimov