Modern.az

“Qurban Qurbanovun Enrikenin əvəzinə variantları var”

“Qurban Qurbanovun Enrikenin əvəzinə variantları var”

Aktual

17 Noyabr 2017, 14:34

UEFA Çempionlar Liqasının dördüncü turu ərəfəsində keçirilən “Atletiko Madrid” - “Qarabağ” matçında  (1-1)  qırmızı vərəqə ilə cəzalandırılan Pedro Enrike haqqında verilən cəzaya aydınlıq gəlib. UEFA İntizam Komitəsinin qərarı ilə Pedro Enrike 2 oyunluq cəzalandırılıb. Bununla da, onun müvafiq olaraq “Çelsi” və “ Roma”  klublarda oynamayacağı dəqiqləşib.


 “Futbol+” qəzetinin redaktoru Mahir Rüstəmov Modern.az-a bildirib ki, “Qarabağ” üçün bu debüt turniridir və özünü yaxşı mənada göstərməyə çalışır. Onlar qələbə qazanmaq üçün bacardıqları hər şeyi ortaya qoyurlar:

“Qarabağ üçün bu turnir ilk dəfədir və komandamız nə qədər çox xal toplayarsa, bir o qədər yaxşıdır. Çox çətin qrupa düşmüşük. Amma komandamız artıq 2 xal toplaya bilib. UEFA-nın Pedro Enrike haqqında bu qərarı qəbul edəcəyi məlum idi, çünki açıq ayaqla rəqibin üzünə zərbə endirmək birbaşa qırmızı vərəqə deməkdir, birbaşa qırmızı vərəqə göstərilən oyunçu adətən 2 oyunluq cəza alır”.


Mahir Rüstəmovun sözlərinə görə, Pedronun yoxluğu komandanın oyununa qismən mənfi təsir edəcək. Çünki Pedro komandanın əsas oyunçusudur. Amma Qurban Qurbanovun onun yerinə daxil etmək üçün variantları var:


“Qarabağ klubunun bir neçə güclü hücumçuları var, məncə Pedro Enrikenin olmaması komandaya çox problem yaratmayacaq. Nəzərə alsaq ki, komandamızın aparıcı hücumçusu Dino Ndlovunun cəzası artıq bitib və o start heyətdən oyuna başlayacaq”.

Mahir Rüstəmov bildirdi ki, bu yaxınlarda Yunanıstan mediasında Pedro Enrikenin yanvar ayında “PAOK” klubuna qayıda biləcəyi ilə bağlı verilən xəbər doğru deyil:


“Enrikenin klubumuzla müqaviləsi yanvar ayına qədər yox, mövsümün sonuna qədərdir.O, müqaviləsinin sonuna kimi “Qarabağ” klubunda qalacaq. Bu məsələylə bağlı narahat olmağa dəyməz”.

Xatırladaq ki, “Qarabağ” növbəti oyununu öz meydanında noyabrın 22-də İngiltərənin “Çelsi” klubuna qarşı keçirəcək.


Əbülfəz Kərimov

 

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı