Modern.az

Artur Rəsizadəyə bir sual

Artur Rəsizadəyə bir sual

Ölkə

21 İyun 2011, 16:55

Baş nazir Artur Rəsizadənin səhəttində müəyyən problemlərin olduğu heç kimə sirr deyil. Sağlıq durumunda yaranan problemlər üzündən Artur müəllim tez–tez  müalicə almalı olur. Sonuncu dəfə ötən həftə mətbuat Azərbaycanın hökumət başçısının Almaniyada müalicə olunduğunu yazmışdı.

Əgər Nazirlər Kabineti dövlətin tabeliyindəki ali məktəblərdə təhsil haqlarının  artırılması barədə qərar qəbul etməsəydi, mən Artur Rəsizadənin səhhəti barədə nəsə yazmayacaqdım. Söhbət ondan gedir ki, Artur müəllim  xəstə olsa da, arada  vaxt tapıb ali məktəblərdə təhsil haqlarının artırılması barədə qərar verə bilir. Nəticədə ödənişli fakültələrə qəbul olunan minlərlə savadlı gənc pulsuzluqdan tələbə olmaq arzusunu gerçəkləşdirə bilmir. Ən acınacaqlısı isə odur ki, təhsil haqlarının artırılmasına paralel olaraq, Azərbaycanda təhsilin səviyyəsi sürətlə aşağı düşür. Hətta mollakratiya rejiminin bərqərar olduğu qonşu İran da  Azərbaycan universitetlərinin diplomunu tanımır.

Bu sətirlərin yazılmasına rəvac verən səbəb isə daha ciddidir. İki–üç gün əvvəl mətbuatdan öyrəndim ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Tibb Universitetində müalicə işi və pediatriya fakültəsində təhsil haqqı 1000 manatdan 2500 manata qaldırılıb. Mən, bu qərardan sonra Azərbaycan hökumətinin kasıbların düşməni olduğu barədə deyilənlərə bir daha əmin oldum. Bu, o deməkdir ki, kasıb, imkansız ailələrin övladlarının həkim olmaq arzusu gözündə qalacaq. Amma  məni daha çox başqa sual maraqlandırır: əcəba, Azərbaycanda tibb təhsili almaq üçün ildə 2500 manat ödəməyə dəyərmi?

Təəssüf  ki, təcrübə bu sualı müsbət cavablandırmağa imkan vermir. Əgər xatırlayırsınızsa, azərbaycanlı həkimlərin “fatihəsini” verdikləri əməkdar artist  Baloğlan Əşrəfovu türkiyəli ağxalatlılar həyata qaytardılar. Təsadüfi deyil ki, Baloğlan müəllim həyatdan qaldığı üçün bu gün özünü Türkiyə səhiyyəsinə borclu sayır. Xalq artisti  Yaşar Nurini də türkiyəli həkimlər ölümün pəncəsindən xilas etdilər. Xalq şairi Zəlimxan Yaqubun isə ayağının biri Türkiyədə, digəri isə Almaniyadadır. Əcnəbi həkimlər indiyə kimi, Zəlimxan müəllimin üzərində bir neçə dəfə ağır cərrahiyyə əməliyyatı aparıblar. Əgər Zəlimxan Yaqub həyatını Əhliman Əmiraslanovun yetirmələrinə etibar etsəydi, həmkarları indi qəzetlərdə onunla bağlı palaz boyda xatirələr yazırdılar. Dövlət və hökumət nümayəndələrinin, adları ictimaiyyətə məlum olmayan imkanlı şəxslərin müayinə və müalicə olunmaq üçün Avropa ölkələrinə getdiyini isə xüsusi vurğulamağa ehtiyac görmürəm. Xarici  ölkə mətbuatında bununla bağlı tez–tez müxtəlif yazılar dərc olunur.

Sonda Azərbaycan Dövlət Tibb Universitetində təhsil haqlarını fantastik məbləğə çatdıran Baş nazir Artur Rəsizadəyə bir sualım var: əgər Azərbaycanda tibb elminin səviyyəsi bu qədər yüksəkdirsə, niyə şəkəriniz qalxanda, təzyiqiniz artanda, gözlərinizə su yığılanda Almaniyaya gedirsiniz?

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər