İyunun 21-də Abşeron rayonunun Saray qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən 7 saylı İnternat Evində Milli Ordu Gününə həsr edilmiş tədbir keçirilib. Bu dəfə də SOS uşaqları “Bakcell stars” layihəsinin dəstəyi ilə öyrəndiklərini nümayiş etdirmək üçün gözəl bir imkan əldə ediblər. Tədbirdə “Bakcell stars” Xor qrupunun, Gənclər Evlərində yaşayan qız və oğlanların rəqsləri, uşaqların solo çıxışları nümayiş olunub.
Qeyd edək ki, SOS Uşaq kəndlərinin himayəsində olan uşaqların tərbiyəsində vətənpərvərlik mövzusu xüsusi önəm kəsb edir. Tədbirin keçirildiyi ağıldankəm uşaqlar üçün İnternat Evində 130 uşaq tərbiyə alır. Bu uşaqlara qonaq gələn SOS Uşaqları onlarla birlikdə bayramı qeyd edib, onları sevindirməyə çalışıb. Belə görüşlərə mütəmadi qatılan SOS uşaqları ictimai baxımdan məsuliyyətli olmağı öyrənir, sevgiyə, xüsusi qayğıya ehtiyacı olanlarla paylaşmaq bacarığına yiyələnirlər.
Tədbir özlüyündə, həmçinin “Bakcell stars” layihəsində keçirilən SMS kampaniyası zamanı Bakcell abunəçilərinin göndərdikləri qısa mesajlar nəticəsində toplanmış vəsaitin necə sərf edildiyinin, bu layihə sayəsində oxumaq, oynamaq, səhnə mədəniyyəti bacarıqlarını öyrənmiş uşaqların nailiyyətlərinin hesabatı idi.
“SOS Uşaq Kəndləri -Azərbaycan” Assosiasiyasının Milli Direktoru Gülarə Hümbətova “Baksell Stars” layihəsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, layihə icra ediləndən bəri incəsənətin bütün növlərinə uşaqları marağı artıb: “Bacarıqlarını səhnədə nümayiş etdirmək imkanı isə uşaqlar üçün əsil bayramdır. Onlar balaca artistlər sayağı hər çıxışlarına hazırlaşır, səhnə performanslarını daha da gözəl etmək üçün əllərindən gələni edirlər. Uşaqların hərtərəfli inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Bu işdə bizə kömək edən hər bir quruma, özəlliklə Bakcell şirkətinə və onun abunəçilərinə minnətdarıq”.
“SOS Uşaq Kəndləri” Azərbaycanda 2000-ci ilin noyabrından fəaliyyət göstərir. Bakı və Gəncədəki Uşaq Kəndlərində valideyn himayəsindən məhrum 150 uşaq ailə qayğısı ilə əhatə olunub. Şüarı “Hər bir uşağa sevgi dolu bir ev” olan SOS Təşkilatı hesab edir ki, uşağın sağlam və hərtərəfli inkişafı üçün ən gözəl mühit ailədir.