Bugün UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək. Oyuna azerkeşlərin 3 saat əvvəldən çağrılması və bunun səbəbləri barədə iddialar var idi. Bununla bağlı Modern.az-a açıqlamasında “Qarabağ” futbol klubunun mətbuat katibi Nurlan İbrahimov bunun sadəcə dəvət xarekterli olduğunu bildirib:
“Biletlər tamamilə satılıb, 67.500 bilet. Oyundan 3 saat əvvəl qapılar açılır. Bunun da səbəbi sıxlığın qarşısını almaqdır. Bu ona görə nəzərdə tutulub ki, hamı öz yerini stadionda rahatlıqla tapa bilsin. Amma yalnız 3 saat əvvəl gəlsinlər deyə bir şey yoxdur. Sadəcə mümkün olduğu qədər tez gəlmək yaranacaq tıxacın qarşısının alınmasında yardımçı olacaq”.
Nurlan İbrahimov deyir ki, bu dəvət çağırış xarekterlidir və 3 saat əvvəlcədən stadiona dəvətin hazırlanmış xoreoqrafiya ilə birbaşa əlaqəsi yoxdur.
Qeyd edək ki, qarşılaşmada açılacaq xoreoqrafiyada böyük hərflərlə “Qarabağ” və “Azərbaycan” sözləri yazılacaq. Bununla yanaşı, “Far away from home but where you belong” (Evdən uzaq, amma aid olduğu yer) sözləri də yazılacaq ki, klub rəhbərliyi bununla dünyaya “Ağdam işğal altındadır və buna görə də “Qarabağ” doğma yurdundan didərgin düşüb” mesajını verəcək.
Nəzrin RÜSTƏMOVA