Təhsil Nazirliyindən rəsmi açıqlama...
Orta məktəblərin 9-cu və 11-ci sinifləri üzrə buraxılış imtahanları başa çatsa da, cavabların bu günədək açıqlanmaması məzunlarda və valideynlərdə narahatlığa səbəb olub. Modern.az saytının məlumatına görə, 2-17 iyun aralığında respublikanın 60 şəhər və rayonunda mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanları keçirilib. Nəhayət Təhsil Nazirliyi imtahanların cavablarının açıqlanacağı vaxtı bildirdi.
Qeyd edək ki, məsələ ilə bağlı məzun və valideynlər tərəfindən Modern.az saytına da həddindən çox müraciət ünvanlanır, cavabların nə zaman bilinəcəyini soruşurdular.
Əməkdaşımız məsələ ilə əlaqədar bu gün yenidən Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildirilib ki, buraxılış imtahanlarının cavabları artıq hazırdır. Belə ki, buraxılış imtahanlarının cavabları iyunun 24-ü açıqlanacaq. İmtahanların cavabları həmin tarixdə Təhsil Nazirliyinin saytında yerləşdiriləcək.
Təhsil Nazirliyindən saytımıza onu da bildiriblər ki, imtahanların cavabları açıqlanacağı gündən sonra bir həftə ərzində apellyasiya komissiyası fəaliyyət göstərəcək.
“Ayın 24-dən etibarən apelyasiya şikayətlərinə baxılacaq. İmtahandan narazılığı olanlar müraciət edə bilər və onların müraciətlərinə baxılacaq”-deyə mətbuat xidmətinin əməkdaşı əlavə edib.
Sədaqət Süleymanova