Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir.
Bu gün səhiyyə məsələləri və ətraf mühitin mühafizəsinə dair təşəbbüslər istiqamətlərində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti müzakirə edildi. Tədbiri açan Şuranın icraçı direktoru Fərasət Qurbanov səhiyyə və ekoloji layihələrin maliyyələşdirilməsilə bağlı qeyd etdi ki, QHT fəaliyyəti üçün bu istiqamətlər həmişə öz aktuallığını saxlayır. F.Qurbanov yerinə yetirilən layihələrin uğurları ilə yanaşı yol verilmiş nöqsanlara da toxundu və onların tezliklə aradan qaldırılmasının vacibliyini bildirdi.
Layihələr haqqında ümumi məlumatları diqqətə çatdıran Şura Katibliyinin baş məsləhətçisi X.Cəbrayılova bildirdi ki, 2011-ci ilin birinci yarısında səhiyyə məsələlərinə dair QHT təşəbbüsləri üzrə maliyyələşdirilmiş 15 layihəyə 89.500 manat, ətraf mühitin mühafizəsinə dair təşəbbüslər üzrə maliyyələşdirilmiş 13 layihəyə isə 80.500 manat vəsait ayrılmışdır. X.Cəbrayılova qeyd etdi ki, bu layihələr ölkənin 27 rayon və şəhərini əhatə edib, onların icrasında əməkhaqqı alan 81 nəfər iştirak edib. Layihələr çərçivəsində 11 QHT maarifləndirmə tədbirləri həyata keçirib, 6 QHT təlimlər təşkil edib, 2 QHT internet resursu yaradıb, 1 QHT uşaqların gözlərini müayinə edib, 1 film, 2 reklam çarxı yaradılıb, 1 balıqçılıq hovuzu düzəldilib, sorğular keçirilib və sair.
Bütün bu tədbirlərin mühüm ictimai əhəmiyyət daşıdığı vurğulandı və layihələrin icrası üçün bir sıra xarakterik məqamlar təhlil edilərək qiymətləndirildi.
Müzakirələrdə çıxış edən QHT və layihə rəhbərləri T.Həsənov, L.Əlizadə, K.Cabbarova, A.Səfixanlı, M.Verdiyev, S.Həsənov, V.Nəsibov, T.Kəngərli, N.Qasımzadə, Q.Yusubova, S.İsayeva və başqaları layihələrin icrası ilə bağlı öz fikir və təkliflərini bildirdilər.
Təhsil məsələlərinə dair təşəbbüslər istiqaməti üzrə maliyyələşdirilmiş layihələrin icra vəziyyətilə bağlı müzakirələr 23 iyun 2001-ci ildə keçiriləcək.
Modern.az