Dünən UEFA Çempionlar Liqasının 5-ci turuna yekun vurulub. Ölkəmizin bu çempionatdakı tək təmsilçisi “Qarabağ” klubu İngiltərənin “ Çelsi” klubunu öz meydanında qəbul etdi. “ Çelsi” bu oyunda portuqaliyalı hakim Manuel de Souzanın şübhəli qərarları ilə qələbə qazandı desək, yanılmarıq.
Oyunun 19-cu dəqiqəsində komandamızın kapitanı Rəşad Sadıqova ədalətsiz olaraq qırmızı vərəqə göstərməklə 11 metrlik nöqtəni göstərən hakim, 73-cü dəqiqədə “Çelsi”nin lehinə daha bir gülünc “penalty” təyin etdi. Bunula da “Qarabağ”ın oyunu necə deyərlər, darmadağın edildi və komandamız 0:4 hesablı məğlubiyyətə uğradı.
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmov Modern.az-a deyib ki,hakim oyunun 18-ci dəqiqəsində komandamıza qarşı çox sərt qərar qəbul etdi:
“ Həmin epizodda hakim Rəşad Sadıqovun kapitanlıq sarğısı daşısığını və oyunun hələ 19-cu dəqiqəsi getdiyini nəzərə almalıydı. Həmin epizodda “penalti” var idi, amma qırmızı vərəqə həddindən artıq sərt qərar oldu, sarı vərəqə ilə kifayətlənmək olardı”.
Mahir Rüstəmov deyir ki, hakim “Qarabağ” klubu ilə “Çelsi” arasında səviyyə fərqini və klubumuzun doğma divarlar aarasında oynadığını da nəzərə almadı, eyni zamanda oyunun nəticəsini də əvvəldən müəyyənləşdirmiş oldu. Onun sözlərinə görə, Rəşad Sadıqovun hərəkəti son ümid kimi dəyərləndirilə bilər: “Villian artıq Rəşadı keçmişdi və zərbə vurmağa hazır idi, düzdür, Şehiç yaxında idi, amma Villianın qol vurmaq imkanı yetərincə çox idi”.
Mahir Rüstəmov ikinci “penalty”nin gülünc qərar olduğunu qeyd edib: “Rəqibin oyunçusu heç yıxılmamışdı, Qara Qarayev rəqibini tutub-buraxdı, amma belə epizodda heç bir halda “penalti”dən söhbət gedə bilməz. Bu qərar heç cür qəbul edilə bilməz”.
Mahir Rüstəmov bildirib ki, komandamız artıq bu çempionatda ikinci dəfə hakimin sərt qərarlarının qurbanı oldu. Bundan əvvəl “Qarabağ” - “Atletiko” oyununda belə hal baş vermişdi. Dino Ndlovuya qarşı açıq-aşkar qayda pozuntusuna görə hakim “penalti” vermək əvəzinə simulyasiyaya görə futbolçumuz haqsız yerə oyundan qovulmuşdu. Bundan bir neçə il əvvəl hakimin “Qarabağ”ın vurduğu qolu hesaba almaması nəticəsində komandamız qrupda qalmışdı.
Onun sözlərinə görə, “Qarabağ” klubu bu il Çempionlar Liqasının deputantıdır, bəlkə də eyni qayda pozuntularını “Çelsi” etsəydi hakim heç “penalti” təyin etməzdi:
“Bu il komandamız ilk dəfə Çempionlar Liqasında çıxış edir, anacaq bundan sonrakı illərdə “Qarabağ” və ya başqa klublarımız bu çempionatda çıxış etsələr, artıq bizə eyni gözlə baxmayacaqlar”.
Bəzi azarkeşlər düşünür ki, “Qarabağ”a bu cür sərt qərarlar əvvəlcədən hazırlanır və məqsəd klubumuzun şanslarını daha da azaltmaqdır.
Mahir Rüstəmov qeyd etdi ki, bu birtərəfli yanaşmadır: “Qarabağ klubunun belə qrupdan çıxması çox çətin idi, bunu hamımız bilirdik. “Qarabağ”ın əsas məqsədi bütün oyunlarda əlindən gələnin ən yaxşısını edib, daha çox xal toplamaq idi. Bu cür iddiaların heç bir əsası ola bilməz”.
Qeyd edək ki,Britaniya mətbuatının “ The Sun” nəşri hakim Manuel De Souzanın Rəşad Sadıqovu qırmızı vərəqə ilə cəzalandırmasını “ Ağılsız qərar” kimi təqdim edib.
Klubumuz Çempionlar Liqasında son oyununu səfərdə “Roma” klubuna qarşı keçirəcək.
Əbülfəz Kərimov