Modern.az

Azərbaycanda yaşayan 83 yaşlı fransız qadından prezident İlham Əliyevə müraciət

Azərbaycanda yaşayan 83 yaşlı fransız qadından prezident İlham Əliyevə müraciət

23 İyun 2011, 18:26

“Mən 83 yaşlı fransız əsilli Botto Jann İvonna 1947- ci ildə azərbaycanlı partizan, cəsur döyüşçü Səməd Şirməmmədovla ailə həyatı quraraq Azərbaycana gəlmişik. Atam italyan, anam isə fransızdır. Qardaşım general Şarl de Qolun dəstəsində faşistlərə qarşı vuruşub. Anam istəməsə də, mən Azərbaycana gəlin gəldim. Yoldaşım Səməd 1950- ci ildə vəfat etdi. Oğlum Rafaelin onda 1 yaşı var idi. Sonra 1954- cü ildə mənim sahibsiz qalmamağım üçün qayınım Şirməmməd məni qəbul etdi. Hazırda 7 övladım, 30 nəvəm, 20 nəticəm var və İmişli rayonunun Murğuzallı kəndində yaşayıram. Oğlum Əli Qarabağ döyüşlərində iştirak edib və müharibə veteranıdır”.
Bu sözləri fransalı qadın Botto Jann İvonna (Şirməmmədova) Azərbaycan respublikasının Prezidenti İlham Əliyevə və Fransanın Azərbaycandakı səfirliyinə yazdığı məktubda qeyd edib. O, məktubun surətini “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına göndərərək müraciətinin lazımi ünvanlara çatdırılmasını xahiş edir.

Daha sonra məktubda deyilir; “Möhtərəm prezident, 2010- cu ilin sel daşqınları və qrunt suları evimi yarasız hala salıb. Ev çiy kərpicdən olduğundan özülü tökülüb, evə ilanlar doluşur. Nəm, rütubət əlindən evə girmək olmur. Evin betonu 2 yerdən çatlayıb, içəridə də çatlar var. Təəssüf ki, sizin sel daşqınları ilə bağlı keçən il imzaladığınız məşhur sərəncamdan kasıblar deyil, varlılar faydalandı. Bu sərəncamı öz məmurlarınız belə nəzərə almır və bu məmurlar öz vəzifələrindən sui- istifadə edərək İmişlidə varlı, imkanlı adamlara evlər tikiblər, mənim kimi kasıblar kənarda qalıb”. 

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahından Modern.az-a bildirilib ki, məktubunda İvonna xanım dövlət başçısına onun problemlərinə diqqət göstərməsini xahiş etməklə yanaşı, ömrünün sonunda Fransaya getməsinə yardımçı olmağa çağırırb:
“Azərbaycan xalqı qədər gözəl, mərhəmətli xalq dünyada azdır. Məhz xalqınızın bu gözəl keyfiyyətlərinə görə ömrümün 60 ilini Azərbaycanda keçirmişəm və buna çox şadam. Ömrümün sonunda vətənimə- Fransaya gedib əzizlərimin qəbrini ziyarət etmək istəyirəm. Eyni zamanda Fransaya səfərim zamanı Qarabağın ermənilər tərəfindən işğal olunduğunu, bu barədə bildiyim həqiqətləri  öz qohumlarıma, xalqıma və dövlətimə çatdırmaq istəyirəm”.

İvonna xanım məktubunun sonunda dövlət başçısını və fransanın Azərbaycandakı səfirini evinə qonaq çağırır və Fransaya getməsinə köməklik göstərilməsini xahiş edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular