Professor Buludxan Xəlilovun elmi yaradıcılığında Azərbaycan dilçiliyinin bütün sahələrinin tədqiqi başlıca yer tutur. O, fəaliyyəti dövründə Azərbayan dilinin müxtəlif problemlərinin öyrənilməsi sahəsində yorulmadan çalışır.
Kollektivlik ruhuna böyük hörmətlə yanaşmaq, bu dəyərli mənəvi sərvətə yiyələnməyin fəal təşəbbüskarı olmaq, həmişə yenilikçi adı ilə tanınmağa çalışmaq professor Buludxan Xəlilovun müsbət mənəvi keyfiyyətləridir.
Onu həm də elmin, təhsilin fədakar, bacarıqlı təşkilatçısı adlandırmaq mümkündür. Dilçilik elminin bütün sahələrini və şöbələrini yüksək elmi-metodik səviyyəli məqalələri, dərslikləri, monoqrafiyaları ilə zənginləşdirməsi, müasir tələblərə uyğun mühazirə, seminar məşğələləri aparması, pedaqoji, elmi-pedaqoji kadrların hazırlanmasında, yetişməsində diqqəti cəlb edən xidmətlər göstərməsi, xeyli müddətdən bəri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin kollektivinə uğurla rəhbərlik etməsi professor Buludxan Xəlilov haqqında xoş, müsbət sözlər söyləməyə əsas verir. O, öz məqsədyönlu elmi-təşkilati və pedaqoji fəaliyyəti ilə professor-müəllim, eləcə də tələbə kollektivinin dərin hörmətini qazana bilmişdir. Elmilik, fikir aydınlığı, nəzəri ümumiləşdirmə, güclü məntiqi ardıcıllığın, müasirlik ruhunun gözlənilməsi, elmi müddəalara söykənilməsi onun əsərlərinin, yaradıcılıq üslubunun başlıca fərqləndirici xüsusiyyətləridir.
Buludxan Xəlilovun yaradıcılığı özündə elmlə şəxsiyyətin harmoniyasını əks etdirir. O, elmi-pedaqoji fəaliyyəti yetərincə dəyərləndirilən dilçi alimlər sırasındadır.
Böyük mütəfəkkirlərin, dahilərin yaradıcı şəxsiyyətlərin yüksəlmələrində, formalaşmalarında düşüncənin, ağlın əvəzsiz və ölçüyəgəlməz dərəcədə böyük rolu olmuşdur. Elə buna görə də ağıl haqqında hər bir insan üçün olduqca dəyərli olan fikirlər söylənilmişdir:
“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.
Qurani-Kərim
İnsanın mayası ağıldır. Ağlı olmayanın dini də olmaz.
Həzrəti Məhəmməd
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
Nizami Gəncəvi
Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx.
Azərbaycan atalar sözü
Sahibi ağıllı olan ev tez abad olar.
Məhəmmədhüseyn Şəhriyar
Ağıl sonradan ah çəkmək üçün deyil,
Əvvəlcədən düşünüb tədbir görmək üçündür.
Cəlaləddin Rumi
Məncə, düşünməkçün yaranır o baş,
Ağıldır insana ən böyük sirdaş.
Səməd Vurğun
Buludxan Xəlilov öz həyatında ağıl hissin yox, hiss ağlın qulu olmalıdır prinsipinə-həqiqətinə həmişə əməl etdiyi, ağıla qarşı çıxan yeganə qüvvənin hiss olduğunu bildiyi, başqalarının müdrikliyindən, təcrübəsindən öyrəndiyi, hətta özü haqqında dedi-qodulardan da bəhrələnməyi bacardığı üçün elmi və pedaqoji fəaliyyətində uğurlar qazanmışdır. O, düşünən və düşündürən ziyalıdır, xalqın böyüdüb yetişdirdiyi, boya-başa çatdırdığı, qeyrətli, vətənpərvər, milli kökünə, milli ruhuna qırılmaz tellərlə bağlı övladlarındandır. Buludxan müəllim həmişə yeni elmi fikirlər söyləməyə can atan dilçi alimdir. Əsl alimə, müəllimə və ziyalıya məxsus müsbət mənəvi-əxlaqi keyfiyyətlərin ləyaqətli daşıyıcısıdır.
Buludxan Xəlilov elmi yaradıcılığı çoxşaxəli olan dilçilərdəndir. O, həmişə axtarışlar aparan, ehkamlara düşmən münasibəti bəsləyən, yeniliyin carçısı kimi tanınan, elmi yaradıcılıqdan ilham alan, gənclik ehtirası ilə yazıb yaradan ziyalı dilçidir. Onun “Müasir Azərbaycan dili. Sintaksis” (2017) dərsliyi fikrin maddi dil cildinə salınması qaydaları haqqında təlimə aid tutarlı bir kitabdır. Bu əsər professor Buludxan Xəlilovun elmi, həm də pedaqoji fəaliyyətini dolğun şəkildə əks etdirən orijinal yaradıcılıq nümunəsidir. O, dilimizin sintaktik quruluşunun linqvistik incəlikləri üzərində axtarışlar aparan, bu təfəkkür gerçəkliyini əks etdirən dil materialını yorulmadan araşdıran onun milli özünəməxsusluğundan estetik zövq alan, dilimizin sintaktik quruluşunda möhkəm qanunauyğunluqlar olduğunu əsaslandıran dilçidir.
Professor Buludxan Xəlilov sözlərin söz birləşməsi və cümlə şəklində əlaqələnməsi qayda-qanunlarının öyrənilməsinin yollarını, üsul və vasitələrini, onların bir-birinin varlığını təmin etməsini, insanların qədim dövrlərdə bəsit, sadə qrammatik vasitələrdən istifadə etmələri, qrammatik vasitələrin yaranmasına, inkişafına qədər dilin özəyini yaradan, bütün qrammatik kateqoriyaların, vasitələrin formalaşmasında həlledici funksiyasını yerinə yetirən lüğət tərkibinin sadə, bəsit və kasad olması ilə bağlaması, lüğət tərkibinin zənginləşməsinin qrammatik kateqoriyaların, qrammatik vahidlərin təkmilləşməsinə səbəb olması ilə güclü məntiqə, dilçiliyin nəzəri ümumiləşdirmələrlə dolğun müddəalarına söykənən fikirlər söyləməsi dəyərləndirilməlidir. Müəllifin dilin lüğət tərkibinin zənginliyinin qrammatik vahidlərin, kateqoriyaların dolğunlaşmasında rolu barədə söylədiyi fikir və mülahizələri çox ağlabatandır. Müəllifin qrammatik vasitələrin təkmilləşməsinin, ilk dövrlərdə onların – səslərin, hecaların, sözlərin, söz birləşmələrinin, cümlələrin bəzən adi, bəzən qısa, bəmdə, zildə tələffüz olunması hallarından istifadə olunmasının tədricən lüğət tərkibinin zənginləşməsi prosesi ilə bağlanılması barədə düşüncələrini elmi yenilik kimi dəyərləndirə bilərik. Çünki, Azərbaycan dilinin sintaktik quruluşuna həsr olunmuş heç bir məqalə, dərslik, dərs vəsaiti və monoqrafiyalarda sadaladığımız məsələlərdən danışılmamış, onlara elmi münasibət bildirilməmişdir. Burada həm də dil vahidlərinin sistem xarakteri daşımasının mahiyyəti açılır, aydınlaşır. Belə ki, prof. Buludxan Xəlilovun səslərin, hecaların, sözlərin, söz birləşmələrinin cümlələrin lüğət tərkibinin zənginləşməsinə xidmət etməsi haqqında söylədikləri onun “Müasir Azərbaycan dili. Sintaksis” dərsliyində verilmiş ilk elmi həqiqətlərdir. Elmi ictimaiyyət bunu dəyərləndirməlidir. Deyilənlər dərslik müəllifinin geniş linqvistik erudisiyasının parlaq göstəricisi adlandırılmalıdır. Professor Buludxan Xəlilov “Müasir Azərbaycan dili. Sintaksis” dərsliyində ilk dəfə dilçi filoloqlarda belə bir aydın təsəvvür formalaşdırır ki, dilin digər laylarında, təbəqələrində təkmilləşmə, zənginləşmə prosesi birbaşa lüğət tərkibinin vəziyyətindən, durumundan asılıdır. Həm də qrammatik quruluşda, vasitələrdə təkmilləşmə, zənginləşmə və inkişaf prosesi birdən-birə yox, tədricən, zaman keçdikcə baş verir. O, qrammatik quruluşun ilk təşəkkul, formalaşma dövrlərində sözlərin sıralanması, bir-birinə yanaşması üsullarından (məsələn: yaşıl yarpaq, şirin çörək, dəmir qapı və s.) istifadə edildiyini, daha sonralar əlaqə üsullarının get-gedə təkmilləşdiyini, qoşulma (məsələn: sən kimi, dəmir tək və s.), uzlaşma (məsələn: sən igidsən, sən qəhrəmansan və s.) idarə (məsələn: qapını bağla, kitabı oxu və s.) əlaqələrinin meydana çıxdığını göstərir və belə bir linqvistik qanunauyğunluğu aşkara çıxarır: “Deməli, lüğət tərkibi zənginləşdikcə sözlər arasındakı qrammatik əlaqələnmə üsulları” da inkişaf etmişdir. Beləliklə, zəngin qrammatik əlaqələr sayəsində dildə müxtəlif və rəngarəng olan söz birləşmələri və cümlələr formalaşmışdır”. (s.4)
Azərbaycan dilinin sintaksisinə aid yazılmış heç bir dərslik, dərs vəsaiti və monoqrafiyada qrammatik vahidlərin, vasitələrin, yaranıb formalaşmasının, inkişafının dilin lüğət tərkibinin hansı səviyyədə, durumda olması ilə bağlılığı məsələsinə toxunulmamışdır.
İlk dəfə prof. Buludxan Xəlilovun “Müasir Azərbaycan dili. Sintaksis” (2017) dərsliyində insanların qədim dövrlərdə, yəni çox uzaq keçmişlərdə bəsit, sadə, qrammatik vasitələrdən istifadə etmələrinin səbəbi o zaman dilin lüğət tərkibinin sadə, bəsit, kasad olması ilə əlaqələndirilir. Dilin lüğət tərkibi zənginləşdikcə qrammatik vasitələrdə də təkmilləşmə, oyanma, canlanma prosesinin baş verməsi barədə oxuculara çatdırılan məlumat dərslikdə diqqətçəkən ən mühüm yenilikdir.
Qrammatik vasitələrin zaman keçdikcə inkişaf etməsi, təkmilləşməsi və zənginləşməsi, ilk dövrlərdə sözlərin sıralanması, bir-birinə yanaşması üsullarının işlədilməsi, daha sonralar sintaktik əlaqə üsullarının təkmilləşməsi, qoşulma, uzlaşma və idarə əlaqələrinin meydana çıxması, qrammatik əlaqələrin zənginləşməsi nəticəsində dildə müxtəlif və rəngarəng söz birləşmələri və cümlələrin formalaşması ilə bağlı irəli sürülən fikirlər də dərslikdəki yeniliklər sırasına daxildir.
İlk dəfə prof.Buludxan Xəlilovun bu dərsliyində əski dövrlərdə bəsit qrammatik vasitə kimi səslərin, hecaların, sözlərin, söz birləşmələrinin, cümlələrin bəzən adi, bəzən qısa, bəzən bəmdə, bəzən zildə tələffüz edilməsi hallarından istifadə olunması haqqında məlumat verilir. Sintaksisə aid nəşr edilmiş heç bir dərslikdə bu məsələyə toxunulmamışdır.
Professor Buludxan Xəlilov “Müasir Azərbaycan dili. Sintaksis” dərsliyi (Bakı-2017, 428 səh.) yeniliklərlə zəngin, geniş məzmunlu, dolğun və yüksək elmi- metodik səviyyəsi olan yaradıcılıq məhsuludur.
Dərsliyin başlanğıcından, ilk səhifələrindən yeniliyə meyilin güclü olduğunu hiss edirsən. Burada müəllifin Müasir Azərbaycan dili fənninin bəzi incəliklərini açması sahə, şöbə anlayışları ilə yanaşı, bizdə fənn anlayışı ilə bağlı dolğun və aydın təsəvvür formalaşdırması müsbət dəyərləndirilməlidir. Dilçi alimin yazdıqlarından bir sıra anlayışlar arasında üzvi əlaqənin olduğu üzə çıxır. Müəllif fənlərin yaranma, formalaşma mənbələrinin elmlər olduğunu unutmadığı üçün müxtəlif elmlərin sahələrindən, şöbələrindən danışıldığı kimi, onlara aid fənlərdən, fənlərlə bağlı dərsliklərdən də söhbət açmağı məqsədəuyğun saymışdır. Bu da prof.B.Xəlilovun dərsliyində əvvəllər nəşr edilmiş dərsliklərdə rast gəlmədiyimiz yenilikdir.
Müasir Azərbaycan dili fənni və Müasir Azərbaycan dilçiliyi terminləri müəyyən mənada sinonim sayıla bilər. Eləcə də Azərbaycan dili fənni, həmçinin Azərbaycan dilçiliyi terminlərinə də belə yanaşıla bilər. Deməli, həmin terminlər arasında məna bağlılığı onları linqvistik ekvivalentlər adlandırmağa imkan verir. Elə buna görə də Müasir Azərbaycan dilinin, yaxud Azərbaycan dili fənninin fonetika, leksikologiya, semasiologiya, frazeologiya, derivatologiya, qrammatika şöbələri təbii səslənir. Morfologiya və sintaksis bölmələri qrammatika şöbəsinin bölmələri sayılsa da, artıq onların morfologiya, sintaksis şöbələri adlandırılması da, etiraz doğurmur.
Prof.Buludxan Xəlilovun “Sintaksisə giriş” başlığından əvvəl dərslik haqqında yazdığı yığcam, lakin məzmunca dolğun məlumat əvvəl yazılmış sintaksisə dair dərsliklərdə verilən məlumatlardan aydınlığı, dilçilik terminlərinə düzgün mövqedən yanaşılması, elmilik prinsipinin gözlənilməsi baxımından fərqlənir. Burada həm də yazılı nitq mədəniyyətinin tələblərinə də əməl edilmişdir.
Əlövsət Abdullayevin, Yusif Seyidovun, Ağamalı Həsənovun “Müasir Azərbaycan dili. IV hissə, Sintaksis, Bakı , “Şərq-Qərb”, 2007 (424 səh.)” dərsliyində yazılmışdır: “Ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş müasir Azərbaycan dili kursunun sintaksisi bölməsini əhatə edir”. (s. 4).
Bizcə, müasir Azərbaycan dili kursu terminindən Buludxan Xəlilovun Müasir Azərbaycan dili fənni (s.2) terminini işlətməsi daha düzgün və məqsədəuyğundur. Həm də Azərbaycan dilinin sintaksisinə dair yazılmış dərslikdə Azərbaycan dili terminindən əvvəl “müasir” deyil, “Müasir (böyük hərflə)” yazılmalıydı. Buludxan Xəlilov isə düzgün olaraq Müasir Azərbaycan dili fənni terminini işlətmişdir. “Müasir Azərbaycan dili. IV hissə -Sintaksis” kitabında ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün söz birləşməsini işlətməyə ehtiyac yox idi. Çünki dərsliyin adı onun kimlər üçün nəzərdə tutulduğunu müəyyən edir. Həm də filologiya fakültələri deyil, filologiya fakültəsi yazılmalıydı. Termin düzgün işlədilməmiş, nitq mədəniyyətinin tələbinə əməl edilməmişdir. Belə ki, “Müasir Azərbaycan dili kursunun sintaksisi bölməsi” yox, “Müasir Azərbaycan dili fənninin sintaksis bölməsi” olmalıydı.
Professor Buludxan Xəlilovun dərsliyində isə dilimizin qrammatik qayda-qanunları, yazılı nitq mədəniyyətinin tələbləri gözlənilmişdir. Dərsliyin başlanğıc hissəsində dərsliyin əhatə etdiyi sintaktik məsələlərin ardıcıl düzülüşü, kitabda hansı məsələlərdən danışılacağı haqqında məlumatlar bunun parlaq göstəriciləridir.
Kitabda sintaksisə giriş, sintaktik əlaqələr haqqında, söz birləşmələri, feili birləşmələr, cümlə, cümlənin məqsəd və intonasiyaya görə növləri, cümlə üzvləri, mübtəda, xəbər, tamamlıq, təyin, zərflik, əlavələr, xüsusiləşmələr, cüttərkibli və təktərkibli cümlələr, söz-cümlə, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər və birləşmələr, mürəkkəb cümlə, tabesiz mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələr, mübtəda budaq cümləsi, xəbər budaq cümləsi, tamamlıq budaq cümləsi, təyin budaq cümləsi, zərflik budaq cümləsi, qarışıq tipli mürəkkəb cümlələr, müasir Azərbaycan ədəbi dilində cümlə üzvlərinin sırası, mürəkkəb sintaktik butöv-mətn, vasitəli və vasitəsiz nitq, durğu işarələri məsələrinin sistemli tədqiqi və təhlili verilmiş, hər bir ümumi mövzuya aid istifadə edilmiş ədəbiyyatın siyahısı göstərilmişdir.
Buludxan Xəlilovun bu dərsliyinin yüksək elmi səviyyəsi olduğuna görə onun daha uzunömurlu olacağına şübhə yoxdur. Dərsliyin bir neçə dəfə çap ediləcəyinə inanırıq.
Sintaksisə aid yazılmış başqa dərslik və monoqrafiyalardan fərqli olaraq prof.Buludxan Xəlilov dərsliyin hər bir hissəsinin sonunda ədəbiyyat siyahısı və həmin ədəbiyyatlardan istifadə edilmiş səhifələri vermişdir. Azərbaycan dilinin sintaksisinə dair yazılmış başqa dərsliklərdə və monoqrafiyalarda bunu görmürük. Buna ardıcıl əməl edilməsi, eləcə də göstərilən ardıcıllığın sistem xarakteri daşıması dərsliyin mükəmməlliyini və elmi-metodik tələblərin tam şəkildə gözlənildiyini göstərir.
Prof.Buludxan Xəlilovun “Müasir Azərbaycan dili. Sintaksis” (Bakı, “Adiloğlu” 2017, 428 səh.) dərsliyi elmi, elmi-metodiki tələblərin layiqincə ödənildiyi əsərdir. “Giriş”də sintaksislə bağlı xarakterik xüsusiyyətlər, qrammatikanın bu bölməsini bildirən adın yunan mənşəli “syntaxis” sözündən yarandığı, “qurulma, tərtibat, birləşmə” mənalarını ifadə etdiyi, bir sıra dilçilik terminləri ilə terminoloji məna baxımından oxşarlığı, yəni dilin sintaktik quruluşu və dilin sintaktik quruluşundan bəhs edən elm mənalarında işləndiyi diqqətə yönəldilmişdir.
Müəllifin fikrincə, sərbəst söz birləşmələrinin, eləcə də cümlələrin quruluşu sintaksis sözünun dilin sintaktik quruluşu mənasını ifadə etdiyini, son dövrlərdə mətnin də dilçiliyin tədqiqat obyektinə, predmetinə çevrilməsi, onun sintaksisdə öyrənilməsi sintaktik quruluşun əhatə dairəsini genişləndirmiş, mətnin quruluşu da sintaktik quruluşun tərkibinə daxil edilmişdir. Kitabda dilin sintaktik quruluşunun butöv bir sistem olduğu, sintaktik quruluşun da makro və mikro bölmələrə ayrılması, sintaktik quruluşun sərbəst söz birləşmələrinin və cümlələrin quruluşu ilə dar çərçivədə dərk edilmədiyi, sintaktik-semantik cəhətdən birləşən cümlələrin birliyinin də dilin sintaktik quruluşunun ayrılmaz bir hissəsi sayıldığı göstərilir.
Prof.Buludxan Xəlilovun sintaktik-semantik cəhətdən birləşən cümlələrin birliyini-mətni makro və mikro mətnlər olmaqla iki qrupa ayırmasında da müəyyən həqiqət vardır.
Buludxan Xəlilovun canlı faktlara söykənərək və onlar üzərində nəzəri ümumiləşdirmələr apararaq qrammatikanın sintaksis bölməsində sözlərin sərbəst söz birləşməsi, cümlə şəklində, mətnlərin isə cümlə formasında bir-biri ilə əlaqələnməsi, bağlanması qayda-qanunları haqqında linqvistik təlimdir – fikrini söyləməsi elmi həqiqətin danılmazlığını təsdiqləməsidir.
Prof. Buludxan Xəlilov dərslikdə əksini tapmış məsələlərin bir-birini tamamlamasını, onlar arasındakı üzvü bağlılığı, həmin anlayışların sistem təşkil etməsini unutmadığı, bu məsələlərə dilçi həssaslığı ilə yanaşdığı üçün düzgün elmi-nəzəri müddəalar irəli sürməyi bacarmış, çoxlu konkret faktlara söykənərək, elmi-nəzəri tələblərə yetrincə cavab verə bilən ümumiləşdirmələr apara bilmişdir.
Dərslikdəki “Sintaktik əlaqələr” başlığına sözlər arasında məna əlaqələri: subyekt əlaqəsi, obyekt əlaqəsi, atubutiv əlaqə, relyativ əlaqə daxildir. Söz birləşmələrində və cümlədə sözlərin bir-biri ilə iki cəhətdən bağlılığından, əlaqəsindən danışan müəllif məna (semantik), qrammatik, morfoloji və sintaktik əlaqələrin hər birini geniş şəkildə şərh etmiş, məna əlaqəsi dedikdə, obyektiv aləmdəki varlıqlarla onların müxtəlif xarakterik xüsusiyyətləri arasındakı əlaqənin nəzərdə tutulduğunu demiş, əşya ilə onun hərəkətinə (at qaçır), əşya ilə onun keyfiyyətinə (yaxşı at), əşya ilə onun kəmiyyətinə (beş at) aid söz birləşmələrini nümunə vermişdir.
Ancaq dilimizin sintaktik quruluşuna həsr olunmuş bu axırıncı (axarıncı) dərsliyin müəllifi prof.Buludxan Xəlilov söylənilmiş məlum sintaktik məsələlərə orijinal mövqedən fərqli şəkildə yanaşmağı bacarmışdır. O, dərslikdə normativliyə əməl edilməsinin vacibliyini nəzərə alıb sintaktik anlayışları yazılı nitqdə sadə, aydın və konkret şəkildə gerçəkləşdirməyə üstünlük vermişdir. Buna görə də normativlik prinsipinin ciddi şəkildə gözlənilməsi baxımından da prof. Buludxan Xəlilovun kitabı sintaksisə aid yazılmış başqa dərsliklərdən fərqlənir. Mürəkkəb məzmunlu məsələlərin suallar doğurmasına, mübahisələr yaratmasına yol verməmək üçün onları sadə, aydın və anlaşıqlı şəkildə ali məktəb tələbələrinə çatdırmaq elmi-metodik və pedaqoji tələblərə uyğun iş aparmaq ən önəmli, düzgün və aparıcı elmi, pedaqoji üsuldur. Dərslikdə bu tələblərə də yetərincə əməl edilmişdir.
Prof.Buludxan Xəlilovun bu dərsliyinin müsbət cəhətlərindən biri də budur ki, burada sintaksisə aid başqa dərsliklərdəki yayğınlıq, ardıcıllığın gözlənilməməsi, sistemsizlik, mübahisə törədən cəhətlət yoxdur.
Dərsliyin “Sintaktik əlaqələr haqqında” başlığına aid hissədə verilən məlumatlarda nitq mədəniyyətinin tələblərinə yetərincə əməl edilməsini görürük. Müəllif söz birləşməsində və cümlədəki sözlərin iki cəhətdən bağlı, əlaqəli olduğunu diqqətə yetirir:
1) Məna (semantik) cəhətdən;
2) Qrammatik (morfoloji və sintaktik) cəhətdən.
Müəllifin hər bir dilçilik termininin nitqdə formalaşdırdığı, gerçəkləşdirdiyi anlayışların qarşılıqlı bağlılığı məsələsinə həssas münasibət göstərməsi, buna xüsusi diqqət yetirməsi, irəli surduyu fikir və mülahizələrlə bağlı seçdiyi xarakterik dil faktları, onlar üzərində apardırdığı nəzəri ümumiləşdirmələr müasir dilçilik elminin qrammatika şöbəsinin sintaksis bölməsində əldə edilən elmi yeniliklərdən xəbərdar olduğu, qrammatikanın həmin ali bölməsinə aid linqvistik incəlikləri yetərincə bildiyi barədə dolğun məlumat verməyə geniş imkan yaradır.
Bütün bunlar prof. Buludxan Xəlilovun “Müasir Azərbaycan dili. Sintaksis” (2017) dərsliyində aydın şəkildə gözə çarpan linqvistik özəlliklərdir. Onları əvvəllər çap olunmuş başqa dərsliklərdə görə bilmirik. Yeniliyə meyillilik, elmilik prinsipinə əməl etmək, linqvistik həssaslıq haqqında söhbət açdığımız dilçi alimin yaradıcılıq üslubunun başlıca xüsusiyyətidir. Buludxan Xəlilovun sözlər arasında məna əlaqəsi və qrammatik əlaqələr barədə danışması, məna əlaqəsinin obyektiv aləmdəki əşyalarla-varlıqlarla, onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqəni bildirdiyini söyləməsi, qruplaşdırılan həmin əlaqələri dörd növə ayırmağın mümkün olduğunu qeyd etməsi (subyekt əlaqəsi, obyekt əlaqəsi, atubutiv əlaqə, relyativ əlaqə) və bu dörd məna əlaqəsini konkret nümunələrlə aydınlaşdırması, onların yığcam şərhini verməsi onun sintaksisə aid əvvəl çapdan çıxmış dərsliklərdə öz əksini tapmış məlum məsələlərə yaradıcı münasibət bəslədiyini göstərir.
Müəllif sözlər arasındakı əlaqənin ikincisinin qrammatik əlaqə olduğunu, sözlərin morfoloji yolla dəyişməsinin, sintaktik yolla birləşməsi qayda-qanunlarının qrammatik əlaqəni formalaşdırdığını göstərmiş, dildə sintaktik yolla əlaqələnmənin bir sıra üsullarını diqqətə yönəltmiş, onların eyni xarakter daşımadığından sözlər arasındakı qrammatik əlaqənin iki yerə – tabeli və tabesiz əlaqələrinə ayrıldığını söyləmişdir.
Prof.Buludxan Xəlilovun “Müasir Azərbaycan dili. Sintaksis” dərsliyi dilimizin sintaksisinə aid yazılaraq çap edilmiş “Azərbaycan dilinin qrammatikası”. II hissə (sintaksis). 1959; “Müasir Azərbaycan dili. Sintaksis” (Bakı,1959); Ə.Abdullayevin, Y.Seyidovun, A.Həsənov. “Müasir Azərbaycan dili”, 1985 və Q.Ş.Kazımovun “Müasir Azərbaycan dili. Sintaksis”, 2000 kitablarından xeyli sonra yazılmış və çap olunmuşdur. Müəllifin adları qeyd olunan mənbələrdən, həmçinin XX əsrin II yarısından sonra qrammatikanın sintaksis bölməsi ilə bağlı aparılmış çoxlu tədqiqat işlərindən bəhrələnməsi, həmişə tələbələrlə canlı ünsiyyəti, dərslikdə verilən məsələlər barədə tələbələrin fikir və düşüncələrini öyrənməsi Buludxan Xəlilovun “Müasir Azərbaycan dili. Sintaksis” (2017) dərsliyini dilçiliyin müasir tələblərinə yetərincə cavab verən daha mükəmməl dərslik adlandırmağa imkan verir. Qrammatika şöbəsinin sintaksis bölməsinin son elmi-metodiki uğurları əsasında yazılmış bu dərsliyin sintaksisə dair özündən əvvəl nəşr edilmiş mənbələrdən nəzərə çarpacaq dərəcədə fərqlənməsi danılmaz həqiqətdir. Buna görə də həmin fərqli cəhətlərə təbii baxmaq lazımdır. Müəllifin tələbə auditoriyası ilə birbaşa bağlılığının, daha doğrusu, tələbələrlə sıx ünsiyyətinin, tədris prosesindən ayrılmadan dərsliyi yazmasının da onun əvvəlki mənbələrdən məzmun və formaca seçilməsində həlledici rolu olmuşdur. Yəni, prof.Buludxan Xəlilovun dərsliyi sintaksisə giriş, sintaktik əlaqələr, söz birləşmələri, cümlə, cümlə üzvləri söz-cümlə, mürəkkəb cümlə, tabeli və tabesiz mürəkkəb cümlə, onların növləri, vasitəsiz nitq, durğu işarələri, cümlə üzvlərinin sırası və s. barədə verilən məlumatlarla, həmin məsələlərin elmi araşdırılması ilə tədris prosesinin, konkret sintaktik məsələlərinin qarşılıqlı əlaqələri fonunda yazılmışdır. Müəllifin bu dərsliyində müasir Azərbaycan dilinin sintaktik quruluşunun ümumi mənzərəsi əks olunmuşdur.
Professor Buludxan Xəlilov Müasir Azərbaycan dilinin sintaksis məsələlərini sistemli şəkildə əks etdirən dərsliyində elmi şərhini verdiyi məsələlərlə onların tədrisinin daxili vəhdəti zəminində elmlə tədrisin harmoniyasını yaratmağı bacarmışdır.
Yusif Yusifov,
filologiya üzrə fəlsəfə doktoru, dosent