Fövqəladə Hallar Nazirliyinin Bakıda top mərmisinin tapılması ilə bağlı məlumat yayıb.
Nazirlikdən Modern.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonu ərazisində 2 ədəd zenit top mərmisinin aşkarlanması barədə məlumat daxil olub.
Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumatlandırılıb.
XRXX və ANAMA-nın mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçiriblər.
Müəyyən olunub ki, mərmilərdən biri təlim-tədris təyinatlıdır, digəri döyüş tətbiqinə yararlıdır. Əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkarlanmayıb. Mərmilər zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Əməliyyat başa çatıb.