Müsahibimiz karyerasında uğur qazanmış bir gəncdir: Fərid İsayev. KPMG şirkətində hüquq xidmətləri üzrə direktor, Alman-Azərbaycan Xarici Ticarət Palatasının vitse-prezidenti və Azərbaycanda Amerika Ticarət Palatasının Turizm Komitəsinin sədri vəzifələrini tutan F.İsayevlə söhbətimiz uğurlu karyera arzusunda olan gənclər üçün maraqlı ola bilər.
Modern.az müsahibəni təqdim edir:
- Fərid bəy, karyerasında uğurlar qazanmış gənclərdənsiniz. Odur ki, sizin tövsiyələriniz gənclərimiz üçün maraqlı və faydalı ola bilər. Nə demək olar, uğurlu karyera üçün nələr tələb olunur?
- Təhsil dövrü hər bir işgüzar adamın formalaşmasında təməl rolunu oynayan başlıca faktordur. Təhsilinə lazımi diqqəti ayırmayan, ciddi yanaşmayan şəxsin gələcəkdə uzunmüddətli uğur qazanacağına inanmıram. Güman edirəm, insan daxili intizamını, nəticəyə yönümlü fəaliyyəti, çalışqanlığı və hətta qarşısına qoyduğu məqsədə çatmaq üçün qurbanlar verməyi məhz təhsil aldığı dövrdə öyrənir. Xüsusən ali təhsil alınan dövrdə itirilən hər hansı vacib məlumat, buraxılan dərs, kurs, gələcəkdə onun yenidən öyrənilməsi zərurətini yaradacaqdır ki, bu da gələcəkdə ortaya çıxan əlavə məsuliyyətlərin fonunda çox çətin və stressli olur.
- Bugünkü uğurlu karyeranın təməli, yəqin ki, təhsil illərinizdə qoyulub. Həmin dövrlərdə xüsusi olaraq nələrə diqqət edirdiniz?
- Öncə, dərk etməliyik ki, imkanlar hədsizdir. Bu cür pozitiv yanaşma insanın şüurunda baryerləri aradan qaldırır. İkinci önəmli məqam çalışqanlıqdır. Bacarıqlar və ya fitri istedad özü-özlüyündə çalışqanlıq, zəhmət olmadan nəticə verməz. Tarix bir çox nümunələri tanıyır ki, istedadlı insanlar uğurlu insanlara çevrilə bilməmişlər.
Bu məqamda, gözəl bir atalar sözümüzü xatırlatmaq yerinə düşər - ağac bar verəndə, başını aşağı salar. Gənc kadrlar üçün bu deyimin önəmi ondadır ki, əldə etdiyimiz istər kiçik, istərsə də irimiqyaslı uğurlar bizə əminlik verib rahatlamamalıdır. Əksinə, yeni zirvələri fəth etməyə, daha ambisiyalı hədəfləri qarşımıza qoymağa sövq etməlidir. Sizi əmin edirəm ki, müasir zamanda Azərbaycan gəncliyi çox peşəkar və çox ambisiyalıdır. Rəqabətə davam gətirmək istəyən gənc kadr daima öz üzərində işləməlidir.
- Tələbəliklə bağlı hər birimizin maraqlı, yaddaqalan xatirələri var. Bakıda - Qərb Universitetində (indiki Qərbi Kaspi Universitetində), daha sonra isə xaricdə təhsil alımısınız. Təhsil aldığınız illəri necə xatırlayırsınız?
- Bakıda Qərb Universitetində təhsil aldığım illəri çox yaxşı xatırlayıram və gözəl xatirələrim var. Ali təhsil müəssisəsinə daxil olduğum ildə yüksək bal toplayan tələbələr üçün təşkil olunmuş tədbirdən və oradakı çıxışımdan başlayaraq, Qərb Universitetindən diplom aldığım günə qədər olan müddət mənim hafizəmdə çox dəqiq həkk olunmuşdur. Həmin dövrdə, Qərb Universiteti çoxşaxəli, möhkəm intizamı ilə seçilən, istedadlı tələbələri cəlb edən bir ali təhsil müəssisəsi kimi yadımda qalmışdır. Eyni zamanda, mütərəqqi tədris metodologiyası, tələbələrə fərdi yanaşma və beynəlxalq təcrübəsi olan müəllim heyətinin mövcudluğu, Qərb Universitetinin güclü xüsusiyyətlərindən idi. Bu gün isə universitetin yeni, dinamik inkişaf mərhələsini yaşadığını aldığım informasiyalardan hiss edirəm.
Daha sonra Böyük Britaniyanın London şəhərinin Kinqston Universitetində təhsilimi başladım. Yeni həyat tərzini sınamaq, yeni mədəniyyəti öyrənmək, ingilis dili biliklərimi təkmilləşdirmək və hüquqşünas olaraq yeni hüquq sistemini öyrənmək bu qərarı vərməyimdə başlıca amillər olmuşdur.
- Siz hazırda KPMG-də hüquq xidmətləri üzrə direktor vəzifəsini tutmaqla yanaşı həm də Alman-Azərbaycan Xarici Ticarət Palatasının vitse-prezidenti və Azərbaycanda Amerika Ticarət Palatasının Turizm Komitəsinin sədri vəzifələrini tutursunuz. Eyni vaxtda bu qədər işi çatdırmaq çətin deyil ki?
- Düşünürəm ki, işgüzar adamın həyatında ən dəyərli 2 element - onun sağlamlığı və vaxtıdır. Bu baxımdan, doğru vurğuladınız ki, vaxtın düzgün və səmərəli bölüşdürülməsi işgüzar adamın məhsuldarlığı ilə düz mütənasibdir. Qeyd etdiyiniz vəzifələrdən əlavə, diqqətinizə çatdırmaq istərdim, artıq 2 ildən çoxdur ki, mən Formula 1 Azərbaycan Qran Prisində sektor marşalı vəzifəsini yerinə yetirirəm. Belə ki, yarış zamanı trekin mənə ayrılmış sektorunda sürücülərin təhlükəsizliyindən başlayaraq yarışın hamar və qaydalar çərçivəsində axarına kimi bir sıra məsələlərə cavabdehlik daşıyıram.
Bütün bunları effektiv və keyfiyyətli yerinə yetirmək üçün, zənnimcə, ilk öncə gördüyün işin məsuliyyətini dərk etməli və həmin işlərə böyük entuziazm ilə yanaşmalısan. Bu şərtlər olarsa, güman edirəm ki, işgüzar adam daha da çox işin öhdəsindən gələ bilər və daha üstün nəticələr əldə edə bilər.
- Azərbaycan-ABŞ Ticarət Palatası iki ölkə arasında əlaqələrin genişləndirilməsində nə qədər effektiv rol oyanaya bilir? Bu istiqamətdə nə kimi işlər görürsünüz?
- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan-ABŞ əlaqələri səmərəli şəkildə və qarşılıqlı hörmət prinsipi əsasında uğurla inkişaf etməkdədir. Təsadüfi deyil ki, Azərbaycan iqtisadi təhlükəsizliyi üçün mühüm önəm kəsb edən və ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçən “Əsrin Müqaviləsi”ni həm ABŞ dövləti, həm də ABŞ şirkətləri öz iştirakları vasitəsilə dəstəkləmişlər.
Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) fəaliyyəti Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin inkişafı üçün faydalı platforma kimi qiymətləndirilə bilər. Bu baxımdan, dövlətimizin başçısı cənab İlham Əliyevin 2016-cı ildə AmCham-ın üzvlərindən təşkil olunmuş nümayəndə heyətini qəbul etməsi və işgüzar əlaqələrin inkişafı mövzusunda fikir mübadiləsinin aparılması, zənnimcə, AmCham-ın fəaliyyətinə verilən ən yüksək qiymətdir.
AmCham daxilində rəhbərlik etdiyim Turizm Komitəsinin fəaliyyəti Azərbaycanda turizm sektorunun və ona bağlı digər sahələrin inkişafına yönəlmişdir. Bu məqsədə nail olmaq üçün, biz aidiyyəti dövlət qurumları, təşkilatları və AmCham üzvləri olan turizm sahəsinin nümayəndələri (aviadaşıma, qonaqpərvərlik, nəqliyyat, mehmanxana və s. şirkətlər) ilə mütəmadi iclas və dəyirmi masalar keçiririk. Bu cür tədbirlərimizə maraq böyükdür və Azərbaycanın Mədəniyyət və Turizm naziri də daxil olmaqla, bir sıra yüksək vəzifəli şəxslər zaman-zaman bu tədbirlərə qoşulurlar.
Əbülfəz Kərimov