Modern.az

95 yaşlı Azərbaycan Ordusu

95 yaşlı Azərbaycan Ordusu

26 İyun 2013, 00:08


26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür, Milli Ordunun yaranmasından 95 il keçir. Azərbaycanda ordu quruculuğu prosesi çox çətin və mürəkkəb mərhələlərdən keçib. Həm Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə, həm də müstəqilliyimizin yenidən bərpa edildiyi 1991-ci ildən sonra ordu quruculuğu istiqamətində saysız-hesabsız maneələr dəf edilib.   

Milli Ordunun yaranma tarixi  

1918-ci il may ayının 28-də elan edilən və cəmi 23 ay ömür sürən, lakin özündən sonra zəngin irs qoyan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) digər dövlət atributları ilə yanaşı Milli Ordu quruculuğu istiqamətində də çox böyük işlər görüb. O zaman qardaş Türkiyə Azərbaycan dövlətinə ordunun yaradılmasında mühüm dəstək verib.
1918-ci il iyunun 26-da Şərqin ilk demokratik respublikasında Milli Ordunun təməli qoyulub, general Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç baş qərargah rəisi təyin olunub.
Azərbaycan ordusunun ayrı-ayrı hissələrinə rəhbərlik edən Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi.
O zaman Milli Ordunun qarşısında duran ilk vəzifə ölkəni daşnak-boşevik işğalından azad etmək idi. Milli Ordu Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusu birgə buna nail ola bildi. 1918-ci il iyunun 4-də Türkiyə ilə imzalanan müqaviləyə əsasən, qardaş ölkə Azərbaycana ilk hərbi yardım göstərib. 1918-ci il iyulun 11-də Milli Orduya çağırış haqqında ilk əmr verilib və 24-29 yaşlı oğlanlar səfərbər edilib.
1918-ci ilin iyununda Gəncədə hərbi məktəb yaradılıb. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə Milli Ordunun piyada və atlı polkları, artilleriya briqadası, diviziyası yaradılıb. Bundan başqa, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra milli hökumət Xəzər hərbi donanmanı yenidən qurub. Ordunu silah-sursatla təmin etmək məqsədi ilə hökümət 1920-ci ilin yanvarında hərbi-sənaye kompleksinin yaradılması haqqında qanun layihəsi hazırlayıb.

AXC-nin ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən olub. O zaman daxili və xarici düşmənlər AXC-nin gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə səy göstərirdilər. 1920-ci ilin yanvarında AXC hökuməti Milli Ordunun yaradılması prosesi demək olar ki, başa çatdırıb. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Lakin təəssüf ki, 1920-ciil ilin aprelində AXC hökumətinin süquta uğraması və Azərbaycanın Qızıl Ordu tərəfindən işğal edilməsi qarşıda duran planları alt-üst etdi.  

İmperiya azərbaycanlıların hərbçi olmasını istəmirdi  

SSRİ qurulundan sonra azərbaycanlıların hərbin sirlərinə yiyələnməsinə müxtəlif süni maneələr yaradılırdı. Azərbaycandan Qızıl Orduya xidmətə çağırılan gənclər bilərəkdən inşaat batalyonlarına göndərilirdilər. Keçmiş SSRİ rəhbərliyinin bilərəkdən yeritdiyi bu siyasətin məqsədini Azərbaycanın o vaxtkı siyasi rəhbərliyi də anlamamış deyildi. 1973-cü ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradıldı. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışırdılar. Amma Azərbaycan rəhbərliyinin-Heydər Əliyevin diplomatiyası bu cəhdlərin qarşısını ala bildi. Nəticədə sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, zabit kadrların hazırlanmasına səbəb oldu. C.Naxçıvanski adına hərbi məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkəmizin ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.  

Müstəqillik dövründə ordu quruculuğu  

1991-ci ilin sonularında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzbəüz qaldı. 1991-ci il sentyabrın 5-də Müstəqil Azərbaycab espublikasının Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub.1991-ci il oktyabrın 9-da keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etdi. Lakin müstəqilliyin ilk illərində ordu quruculugunda yol verilən səhvlər Ermənistanla apardığımız müharibədə acı məğlubiyyətlərlə nəticələndi.
1993-cü ildən sonra quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin ilin sonlarından etibarən Silahlı Qüvvələrdə sturuktur və kadr dəyişiklikləri həyata keçirilməyə başlanıldı, vahid komandanlığa tabeçilik bərpa edildi, ordu siyasətdən uzaqlaşdırıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbacan hərbi münaqişəsində atəşkəs haqda müqailə imzalandı. Bundan sonra Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətləndi. Həyata keçirilən siyasət nəticəsində Milli Ordunun maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.  

Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir. İndi Quru Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrindən ibarət döyüş qabiliyyətli Milli Ordumuz var.
Hazırda dünyanın 30-dək ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalanıb. Daha 28 ölkə ilə analoji saziş layihələrinin imzalanması müzakirə edilir.

Səngərdə düşmənlə üz-üzə  

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 70 faizi səngərdə - düşmənlə üz-üzədir. Demək olar ki, hər gün cəbhə xəttində atşəksin pozulması halı baş verir. Azərbaycan Respublikası düşmən tapdağı altında qalan arazilərinin işğaldan azad olunması üçün hər an müharibəyə başlaya bilər. Bunu dəfələrlə Ali Baş Komandan İlham Əliyev də bəyan edib. Dövlət başçısı Azərbaycanın məsələnin diplomatik və siyasi çərçivədə həllində maraqlı olan tərəf olduğunu, ancaq eyni zamanda, bütün başqa variantlara da hazır olduğunu bildirib. «Biz heç vaxt torpaqlarımızın itirilməsi ilə barışmayacağıq. Siyasi, diplomatik, iqtisadi, lazım gəlsə hərbi yolla məsələnin həllinə nail olacağıq»-deyən Ali Baş Komandan qəti və dəyişməz mövqeyini dəfələrlə nümayiş etdirib.

Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli fərmanına əsasən, 26 iyun tarixi Silahlı Qüvvələr Günü elan edilib. 

Müstəqilliyin bərpasından sonra Bakıda Azadlıq meydanında üç dəfə - 1992-ci il oktyabrın 16-da prezident Əbülfəz Elçibəyin və 2008-ci il iyunun 26-da prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silyahlı Qüvvlərinin hərbi paradı keçirilib.     
2011-ci ildə isə Azadlıq meydanında 3-cü hərbi parad keçirilib.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama