26 iyun Azərbaycanda Silahlı Qüvvələr günü ilə bağlı keçirilən hərbi parad bu saatlarda Azadlıq meydanında başlayıb.
Modern.az saytının məlumatına görə, Azadlıq meydanda müdafiə naziri Səfər Əbiyev qoşunların hazır olması barədə Ali Baş Komandan İlham Əliyevə raport verib. Daha sonra Azərbaycanın Dövlət Himni oxunub.
Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyəti, hərbi texnika, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqları iştirak edirdi.
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev nitq söyləyib.
Ali Baş Komandan bildirib ki, nə qədər ki, Qarabağ müharibəsi davam edir, sülh sazişi imzalanmayıb, Azərvaycanda hərbi xərclər 1-ci yerdə dayanacaq.
Prezident bildirib ki, hazırda Azərbaycanda hərbi büdcə 3 milyard, 300 milyon dollar təşkil edir. İlham Əliyevin sözlərinə görə, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün mümkün vasitələrdən istifadə edir.
"Bu gün Azərbaycanın hərbi xərclərinə sərf edilən vəsait Erməsitanın bütün büdcəsindən 50 faiz artıqdır...
...Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Müharibə şəraitində yaşayan ölkə ilk növbədə ordu quruculuğuna diqqət göstərməlidir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir. Torpaqlarımız işğal altından azad olunmayanadək bu, belə olacaq. Sülh müqaviləsi bağlanarsa, işğala sona qoyulandan sonra əlbəttə ki, bu qədər xərcə bəlkə də ehtiyac olmayacaq. Ancaq eyni zamanda bundan sonra da istənilən şəraitdə ordumuz daim yüksək hazırlıq nümayiş etdirməlidir, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi üçün biz bütün imkanlardan istifadə edəcəyik"-deyə Ali Baş Komandan vurğulayıb...
Artıq prezident nitqini yekunlaşdırıb və Silahlı Qüvvələrin şəxsi heyətinin və hərbi texnikanın təntənəli keçidi başlayıb.
***
Meydana əvvəlcə, Azərbaycan Respublikasının dövlət bayrağı gətirildi.
Bunun ardınca Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin zabit bölükləri, ali hərbi məktəblərin kursantları mətin addımlarla tribunanın önündən keçdilər. Ardınca silahlı birləşmələrin xüsusi təyinatlılarının, Azərbaycan sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin dəstələri də nizami addımlarla tribunanın önündən keçdilər.
Meydana əvvəlcə motosikletlər və avtomobillər daxil oldu. Azərbaycan istehsalı olan pilotsuz uçuş aparatlarının nümayişi hərbi parada tamaşa edənlərdə daha böyük maraq doğurdu. Müxtəlif çaplı, müasir tipli yedəkli artilleriya sistemləri, avtomatik minaatanlar, tank əleyhinə toplar, qaubitsalar, qoşqular, zireh sistemləri, “Qrad” yaylım atəşli reaktiv sistemləri, zenit-raket kompleksləri, müxtəlif markalı özüyeriyən artilleriya qurğuları, piyadanın döyüş maşınları, modernləşdirilmiş tanklar bir-birinin ardınca tribunanın önündən keçdi.
Xəzər dənizinin sahilində, paradın keçirildiyi Azadlıq meydanının yaxınlığında Hərbi Dəniz Qüvvələrinin gəmi və qayıqları hərbi reyddə sıralanmışdı.
Sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələri döyüş təyyarələrinin və vertolyotlarının uçuşu oldu.
Hərbi paradın sonunda bombardmançı və qırıcı-bombardmançı təyyarələr paytaxtın üzərindən keçdilər. Onların uçuşu meydanda alqışlarla müşayiət olundu.
****
Azadlıq meydanında hərbi parad yekunlaşıb.
Modern.az