Ukraynanın paytaxtında yenidən qarışıqlıq yaranıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kiyevdə bir qrup aktivist “NyusVan” telekanalının yerləşdiyi binanı zəbt edib.
Fəallar binada olan bütün giriş-çıxışları bağlayıblar. Buna səbəb kimi telekanalın onlara uyğun olmayan, yanlış informasiya siyasəti aparması göstərilib.
Aktivistlər, həmçinin, Ali Radanın deputatı Yevgeni Murayev haqqında işlətdiyi ifadələrə görə “NyusVan” telekanalının rəhbərliyindən üzr istəməyi tələb ediblər.
Hazırda blokada şəraitində olan “NyusVan” gündəlik efir proqramını dayandırıb və bina ətrafında baş verən hadisələri yayımlayır.
Məsələyə münasibət bildirən Mixail Saakaşvili də qeyd edib ki, kanal mitinqləri obyektiv yayımlayıb: "Kiyevin mərkəzində Maydan hərəkatından bu yana ən böyük mitinq keçirildi. Bütün telekanallar bu mitinqi yayımlamaqdan imtina etdi. Yalnız “NyusVan” telekanalı mitinqi birbaşa canlı efirdə yayımladı. İndi hansısa başıpozuq dəstə telekanalın yerləşdiyi binaya gələrək, oradakı rəhbərliyi cəzanlandırmaq fikrinə düşüb”.
Qeyd edək ki, daha sonra sözügedən telekanalın efirində Saakaşvilinin telekanalı zəbt etmiş aktivistlərlə danışıqlar aparması görüntüləri yayılıb.