Fransanın ölkəmizdəki səfirliyinin nümayəndələri - konsul müavini Antuan Simönel və səfirliyin birinci müşaviri xanım Fabien Drulozinski İmişli rayonuna gedib, yetmiş il əvvəl Murğuzallı kəndinə gəlin köçən fransız İvonna Botto-Şirməmmədovanın qonağı olublar. Modern.az xəbər verir ki, rayon icra hakimiyyətində fransız diplomatlarla keçirilən görüşdə iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən danışılıb.
Qeyd edilib ki, xanım İvonna Botto xalqlarımızın dostluq simvoluna çevrilib.
Sonra səfirliyin nümayəndələri və rayon icra hakimiyyətinin əməkdaşları Murğuzallı kəndində gedərək İvonna Botto ilə görüşüblər. Söhbət zamanı keçmiş günlər xatırlanıb, İvonna Bottonun ailə həyatından bəhs edən kitablar səhifələnib, xatirələr dilə gəlib...
Fransa partizan hərəkatının fəal iştirakçısı, azərbaycanlı Səməd Şirməmmədovun fədakarlığı dillər əzbəri idi. Fransız xanım İvonna Botto da Səmədin qəhrəmanlığı ilə yanaşı, onun hündür boyuna və yaraşıqlı qamətinə vurulmuşdu. Beləliklə, İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərində həm də bir məhəbbət dastanı yaranır: azərbaycanlı partizan fransız xanımla ailə həyatı qurur.
Ağır müharibə illərində azərbaycanlı partizanla fransız xanımın ailə qurması, necə deyərlər, məhəbbətin zaman və sərhəd tanımadığını göstərir. İvonna Botto özünə ömür-gün yoldaşı seçdiyi Səmədin sözünü yerə salmır, onunla birgə Azərbaycana gəlir və o vaxtdan burada yaşayır.
Həyat heç də İvonnanın üzünə gülmürdü. Evliliklərinin üçüncü ili əri Səməd qəflətən dünyasını dəyişir. Öz körpəsi ilə tək qalan İvonna ikinci dəfə ailə həyatı qurmağa məcbur olur. Bu evlilikdən altı övlad dünyaya gətirir. İllər sonra qızlarını köçürür, oğlanlarını evləndirir. İndi İvonna nənənin 28 nəvəsi, 30-dan çox nəticəsi var. Ailə üzvləri əsasən kənd təsərrüfatı işləri ilə məşğul olurlar.
İvonna Botto-Şirməmmədova onlara göstərilən diqqət və qayğıdan razılıqla danışır. 2011-ci ildə oğlu ilə birgə Fransaya göndərilib və ata yurdunu, qohumlarını ziyarət edib.
Vaxtilə ölkəmizdə səfərdə olan Fransa Prezidenti Fransua Olland da İvonna Botto ilə görüşüb. Azərbaycanla Fransa arasında olan dostluq əlaqələri ilə yanaşı, iki xalqın nümayəndələrinin qohumluğu onda xoş təəssürat yaradıb.
İvonna Bottonun 88 yaşı var. İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri də tez-tez İvonna Botto-Şirməmmədovaya baş çəkir, ailənin qayğıları ilə maraqlanırlar. Son illər bu ailənin iki üzvü üçün 3 və 4 mənzildən ibarət fərdi evlər tikilib.
Bu görüş, İvonna Bottonun söhbətləri fransız diplomatlarda xoş təəssürat doğurub. Onlar görüşdən xatirə olaraq birgə fotoşəkil çəkdirib, gətirdikləri hədiyyələri təqdim ediblər.