“Mama siz bunları oxuyanda mən sevimli peyğəmbərimizin yanında olacam. Haqqınızı halal edin. Atama de ki, məni bağışlasın. Bacı, oğlun olsa adını İsmayıl qoyarsan...” sözlərindən ibarət məktub yazaraq, özünü yaşadığı evin həyətindəki tövlədən asan Ağdaş rayon sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlunun intiharı etməsi hamını şoka salıb.
Bu barədə Modern.az-a danışan Ağdaşın Ləki qəsəbəsinin Ərazi vahidliyi üzrə icra nümayəndəsi Fəxrəddin Abbasov hadisənin Nehrəxəlil kəndində qeydə alındığını bildirib:
“Uşaq 6 saylı qəsəbə kənd orta məktəbində oxuyurdu. Çox tərbiyəli, abırlı-həyalı, böyük-kiçik yeri bilən uşaq idi. İndi hadisədir də, niyə, hansı səbəbdən bunu edib, bilmirik. Hər şey araşdırmalardan sonra bilinəcək”.
F.Abbasov İ.Adıgözəlovun ailəsinin dindar olmadığını deyib:
“Yox elə qatı dindar ailə deyil. Ümumiyyətlə, atası-anası namaz qılır-qılmır xəbərsizəm, öz işində-gücündə olan kasıb ailədir. Amma uşaq cümə namazlarını məsciddə qılırdı. Elə sırağagün eşidəndə inana bilmədik. Bu gün İsmayılın 3 mərasimidir”.