Modern.az

Kazımovlar nəslinin flaqmanı

Kazımovlar nəslinin flaqmanı

Aktual

5 Dekabr 2017, 18:14

Xeyirxahlıq onun alın yazısıydı. Daxili İşlər Orqanlarında çalışdığı müddətdə polis mayoru Əzizağa Kazımov heç zaman haqqı-nahaqqa verməyib. Bunu onun qohumları, qonşuları, çiyin-çiyinə işlədiyi həmkarları, hətta istintaqını aparıb qanuna təslim etdiyi şəxslər də deyir...

 

Soy-kökü Lerikin Çayrud kəndindən olan Əzizağa Aşur oğlu Kazımov 1943-cü ildə Lənkəranda doğulub. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra Lənkəranda və Şirvan şəhərlərində fəhlə işləyib. Ordu sıralarından tərxis olunduqdan sonra Bakıya gəlib, daxili işlər orqanlarına xidmətə qəbul olunub. Hüquqşünas olmaq arzusu ilə gecəli-gündüzlü oxuyub, mütaliə edib. Bakı Dövlət Universitetinin Hüquq fakutəsinə qəbul olunanların sırasında adını görəndə sevincinin həddi-hüdudu olmayıb. Bu, təkcə Əzizağanın deyil, Kazımovlar nəslinin uğuru idi.  Nəslin ilk hüquqşunası olmaqla, o, özündən sonra gələnlər üçün əsl mayak rolunu oynadı. Bu gün asayişin keşiyində duran Kazımovlar el arasında hüquqşunaslar  nəsli kimi də ad çıxarıb.

 

Universiteti əla qiymətlərlə başa vuran Əzizağa Nərimaov, bir müddət sonra Səbail rayonuna müstəntiq təyin edilir. Təcrübəli müstəntiqlərdən istintaqın sirlərini öyrənir, insanlarla ünsiyyətqurma bacarığını daha da təkmilləşdirir, bir sözlə, böyük həyat təcrübəsi qazanır. Bakı şəhərində törədilən cinayətlərin açılmasında cani-dildən çalışır. Əzizağa Kazımovun bu sahədə qazandığı nailiyyətlər DİN rəhbərliyinin, polisə nəzarət edən orqanların diqqətini cəlb edir. O, Bakının ən böyük rayonlarından birinə-Yasamala  müstəntiq təyin edilir.

Təmiz əl, soyuq beyinlə apardığı cinayət işlərinin istintaqını məsuliyyətlə və vicdanla vaxtında başa çatdıran Əzizağa Kazımovun təcrübəsindən gənc müstəntiqlər həvəslə bəhrələniblər. Bu gün onlardan bir çoxu DİN-də yüksək vəzifələrdə Vətənə, dövlətə xidmət edirlər.

 

Ötən əsrin 90-cı illərində Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinə müstəntiq təyin edilən Ə.Kazımov burada daha böyük cinayət işlərinin açılmasına, xüsusən də dövlət çevrilişinə cəhddə ittiham olunan Faiq Baxşəliyevin və onun əlaltılarının cinayət məsliyyətinə cəlb edilməsi məqsədilə yaradılmış istintaqın işinə töhfələrini verib. Ulu öndərin şəxsi nəzarətində olan cinayət işinin istintaqı başa çatdıqdan sonra cinayətkarlar öz layiqli cəzalarını alıblar.

 

Müstəntiq Əzizağa Kazımov xüsusən oğurluq və quldurluq cinayətlərinin açılmasında mahir istintaqçı idi. Təkcə bunu demək yerinə düşər ki, 1979-1980-ci illərdə Yasamal rayonunda mənzillər quldurluq yolu ilə qarət edilir, talanırdı.  Törədilmiş bu cinayət əməllərinin istintaqını aparmaq gənc olsa da təcrübəli, peşəkar müstəntiq kimi ona həvalə olunur. O, törədilmiş cinayətlərin biri-birinə oxşar olmasını, bütün bu quldurluq hadisələrinin eyni qrup tərəfindən törədilməsini müəyyənləşdirir. Nəhayət, respublikanın səlahiyyətli orqanlarında çalışan bir çox harın adamların övladları-12 nəfərdən ibarət cinayətkar dəstə ifşa olunur. Gənc müstəntiq təqib olunur, hətta onu şərləməyə də çalışırlar.

Bu hadisə ulu öndərin də diqqətini cəlb edir və həmin cinayət işini nəzarətinə götürür. İstintaq bitdikdən sonra günahkarlar cəzasını alır və Əzizağa Kazımova vaxtından əvvəl “Milis kapitanı” xüsusi rütbəsi verilir.  

 

İdeologiya dinin əleyhinə olsa da o, xidməti kabinetində “Qurani-Kərim” saxlayırdı. Mənə danışdığı bir hadisəni yaxşı xatırlayıram: “ 80-ci illər idi. Yasamal RPİ-nin İstintaq Şöbəsinin rəisi məzuniyyətə getdiyindən Şöbənin işləri müvəqqəti olaraq ona tapşırılıbmış. “Sirk” restoranından çıxıb içkili vəziyyətdə evinə getmək istəyən Çingiz Cənnətalıyev adlı şəxsi polislər saxlayıb sorğu-suala tuturlar. Onu oğru kimi sənədləşdirib istintaqa verirlər. Təqdim olunan sənədləri gözdən keçirən. Polisləri və şübhəlini dinləyən Əzizağa polislərə deyir ki, əgər siz doğurdan da Çingizi yol kənarında dayanan maşınları qarət edən vəziyyətdə tutmusunzsa, o zaman “Qurani-Kərimə” əl basın. Heç kim buna cürət etmir və müstəntiq Əzizağa Kazımov sübut edir ki, Çingiz cinayətkar deyil...

Əzizağa Kazımov həm də maarifpərvər polis əməkdaşı idi. O, təhsil alan, sənət, elm dalınca gedən gəncləri çox sevirdi, onlara arxa-dayaq dururdu.

 

1994-cü ildə təqaüdə çıxsa da daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun göstərişi ilə o, yenidən BŞBPİ-nin İstintaq İdarəsinə xidmətə qaytarılmışdı.    

O, uzun və səmərəli fəaliyyətinə görə “Milis əlaçısı”, “Qüsursuz xidmətə görə” döş nişanları, DİN-in “Fəxri fərmanları” ilə təltif olunmuşdu.

Əzizağa Kazımov noyabrın 14-də daxili işlər orqanlarına xidmətə qəbul olunmağının əlli illiyi münasibətilə onu tanıyanları, dostlarını, paqondaşlarını bir masa arxasına yığacaqdı, ancaq əcəl imakn vermədi. Bu da bir alın yazısıdır, nə etmək olar...

Allah sənə qəni-qəni rəhmət eləsin, əziz qardaşım, böyük insan!

 

Əjdər Kazımov 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?