“2011-ci ilin may ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. Köhnə yaşayış evlərinin sökülməsi tendensiyası zəif olaraq qalıb. Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də, tikintinin tempində mövsüm üçün xarakterik olmayan durğunluq davam edib”. Bu barədə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Birliyin məlumatına görə, aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib. Regionların sosial-iqtisadi inkişaf proqramı və Bakı şəhərində həyata keçirilən tədbirlər planı ilə bağlı bu tendensiya daha da dərinləşməkdə, infrastruktur tikintisinin coğrafiyası daha da genişlənməkdə davam edib.
Mayda bazara təklif olunan ümumi 776,1 ha torpaq sahəsinin 78,6%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin azalmasına və şəhərin mərkəzində torpaq sahələrinə tələbin artımına baxmayaraq bazarda orta qiymət azalması davam edib (0.4%).
Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası may ayında tikinti tempinin kəskin azalması hesabına xeyli zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə azalma qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.
Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşmasına baxmayaraq, I zonada tələb və təklifin strukturunun dəyişməsi ilə yanaşı, qiymətlər azalıb. Söküntü işlərinin azalmasına baxmayaraq I və II zonalarda torpağın bazar qiyməti hələ də real dəyərindən baha olaraq qalmaqdadır.
Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 1.1% artıb.
May ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma qeydə alınıb. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 14096 $/sot səviyyəsindən 0,4% azalaraq 14035 $/sot təşkil edib. Qiymət azalmasının əsas səbəbi ay ərzində tələbin kəskin azalması ilə bağlı olub.
Ay ərzində şəhərin bütün zonalarında qiymət azalması müşahidə edilib..
Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində likvidlik dərəcəsinin düşməsinə səbəb olub. Torpaq sahələrinin ekspozisiya müddəti isə ötən ayla müqayisədə artıb. Bütün bunlarla yanaşı, torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağın hələ də aşağı olması ilə nəticələnir. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini nisbi azaldıb. Buna baxmayaraq fərdi-yaşayış evlərinin və torpaq sahələrinin sənədləşdirilməsindəki problemlərin aradan qaldırılması istiqamətində dövlət tərəfindən atılan addımlar torpaq üzərində aparılan əməliyyatlara mənfi təsir göstərib.
May ayında rayonlar üzrə nisbi qiymət artımı Qaradağ və Xəzər rayonlarında (0,1%) baş verib. Ən çox qiymət azalması isə Sabunçu rayonunda (0.4%) qeydə alınıb.
Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Xətai rayonlarını aid etmək olar. Ən passiv rayon isə Nəsimi rayonudur.
May ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 210000 $sot Nəsimi (Avropa otelinin yaxınlığı) rayonunda, ən ucuz torpaq sahəsi isə 350$sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.
Modern.az