Azərbaycanlı məcburi köçkünlərin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının qərarının elan olunacağı tarix məlum olub.
Modern.az-ın məlumatına görə, bu barədə Avropa Məhkəməsinin rəsmi saytında qeyd edilib.
Məlumatda bildirilib ki, Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovların Ermənistan tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının qərarı dekabrın 12-də elan ediləcək.
Xatırladaq ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər.
2015-ci ilin iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayıb.
Qərarda qeyd olunub ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.