Və ya Kilkənin "KİT"ə çevrilməsi
Əslində bu oyun Sosial Şəbəkələrin insanlara təsir imkanlarını yoxlamaq, xüsusilə yeniyetmə və gənclərin "Sosial şəbəkə mesajları"na reaksiyalarını test etmək, hansı "mexanizm"lərin daha effektiv olduğunu müəyyənləşdirmək məqsədilə yayılmışdı...
Açığı yazmaq istəməzdim, amma yazmaya da bilmədim. Təəssüf ki, bəzən hamılıqla küyə gedir, nəyin bizə lazım, nəyin zərərli ola biləcəyini o qədər də incələmirik. Aylardır ara-sıra gündəmə gətirilən "Mavi balina" şeytan oyunu mövzusunda son günlər yenidən yaradılan ajiotaj bunu deməyə əsas verir.
İndi hardan yarandı, nə məqsədə xidmət edir (?!) dediyimiz bu mövzu əslində Azərbaycanda hansısa bir müxbirin Rusiya mətbuatından tərcümə yazısını "araşdırma materialı" kimi öz imzasıyla dərc etdirməsi, heç kimin xəbəri olmayan mövzunu "Real təhlükə" olaraq qələmə verməsi ilə gündəmə gətirildi. Ardınca TV-lərdə sujetlər, sosial şəbəkələrdə müzakirələr və hər şey hazırdır...
"Antireklam" reklama çevrildi, bu haqda bilməyənlər də məlumatlandı. Ən azı maraq xatirinə bu "Oyun" axtarışa verilir və beləliklə, çox axtarılan mənbə kimi önə çıxır, virtual aləmdə hamının əlinə-ayağına dolaşır...
Əslində bu oyun Sosial Şəbəkələrin insanlara təsir imkanlarını yoxlamaq, xüsusilə yeniyetmə və gənclərin "Sosial şəbəkə mesajları"na reaksiyalarını test etmək, hansı "mexanizm"lərin daha effektiv olduğunu müəyyənləşdirmək məqsədilə postsovet ölkələrində, xüsusilə Rusiyada yayılmışdı. "Qonşudan qalma dala" - deyən bəzi KİV-lər özləri də bilmədən "tora düşdü"lər, məlumatları tirajladılar. "O əjdahadan niyə bizdə yoxdur?!" prinsipinə sadiqlik mövzunu ekrana daşıdı. Sonra bir ara pauza verildi. Son zamanlar isə yenidən gündəmə gətirilib...
Belə görünür, “Mavi balina” mifdən reallığa doğru zorla aparılmaqda, beyinlərə yeridilməkdədir. Bu, bizə nə verəcək?! Hamımız deyəcəyik ki, heç nə! Elə isə niyə “həyacanverici yenilik” kimi təqdim edirik bu “oyun”u? Bəlkə özümüz də bilmədən “OYUN”un oyununa düşmüşük.
Paytaxtda bir gənc və təşəbbüskar məktəb direktoru şagirdlərin ümumi yoxlaması zamanı bir-iki şagirdin qolunda anlaşılmaz sıyrıqlar olduğunu müşahidə edib. Valideynlər məktəbə dəvət olunub, onlara vəziyyət izah olunub, valideyn və ailə nəzarətinin vacibliyi vurğulanıb. Sonra hüquq-mühafizə orqanları və Bakı Şəhəri üzrə Təhsil İdarəsi nümayəndələrinin, psixoloqların iştirakı ilə valideynlərlə görüş keçirilib. Uşaqlara psixoloq məsləhəti verilib, ümumi profilaktik tədbirlər görülüb. Belə məktəb rəhbəri cəmiyyətdən "sağ ol!" almaq əvəzinə, "Məktəbdə intihar" manşetləri ilə qarşılaşdı. Məktəbə bir axın başladı, gəl görəsən... Di gəl, izah ver. Həm də elə et ki, tədris prosesi pozulmasın, həmin uşaqlar da əlavə psixoloji zərbə almasın... Nə edəydi?! Susaydı, gizlədəydi, "başımı ağrıtmayım" deyəydi, eləmi?! Necə ki cəmiyyətdə bir çox problemlərə baxışımız bundan o yana getmir...
Bir məsələni də unutmaq olmaz ki, valideyn və ailə məsuliyyəti, uşaqlara məktəbdən kənarda da nəzarət ciddi olmalıdır. O qədər ciddi ki, hər bir valideyn uşağını, onun ətrafını tanısın, maraqlarını bilsin və lazım olan anda övladının davranışına müdaxilə etmək, tənzimləmək imkanında olsun. Yoxsa, övladının neçənci sinifdə oxuduğunu doğru-dürüst bilməyən birinin cəmiyyətdən, məktəbdən və özündən başqa hamıdan nələrsə umması mənəvi ələbaxımlıqdan başqa bir şey deyil.
Maraqlıdır ki, məsələ ilə bağlı rəsmi açıqlama verilir və bildirilir ki: "76 nömrəli tam orta məktəbdə noyabrın 27-də şagirdlərin ümumi yoxlanışı zamanı müxtəlif siniflərdən olan bir neçə şagirdin qolunda anlaşılmaz sıyrıqlar müşahidə olunub. Dərhal həmin şagirdlərlə məktəb rəhbərliyi, psixoloq və tibb bacısının iştirakı ilə söhbət aparılıb. Şagirdlərin valideynləri də bu haqda məlumatlandırılıb. Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru da məktəbə dəvət edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, şagird və valideynlərlə müvafiq söhbətlər aparıb, uşaqlara ailə nəzarətinin də gücləndirilməsinin zəruriliyi barədə valideynlərə tövsiyələr verilib". Amma bəzi KİV-lərdə yenə "Mavi balina" başlıqları peyda oldu... Sanki kiminsə gözəgörünməz əli yox yerdən şou düzəldir, "kilkəni "KİT"ə çevirmək" üçün səylə çalışırdı... Amma yaxşı ki, həqiqəti deyənlər də az olmadı bu dəfə...
Bu məqamda onu da deməliyik ki, ölkənin tanınan və nüfuzlu mediası peşəkar yanaşma və operativliklə bərabər, yeri gələndə geniş ictimai və milli maraqlar naminə hadisələrə və proseslərə daha soyuqqanlı yanaşmağı, lap kritik məqamda "göz yummağı" da bacarmalıdır. Bu, bütün dünyada belədir... İnformasiya təhlükəsizliyinə əməl etmək dünyanın hər yerində "təhlükəli informasiya"nın yayılmasından daha əhəmiyyətli hesab olunur...
Bəşarət Məmmədov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü