Modern.az

Xatirələrdə əbədiləşən şair

Xatirələrdə əbədiləşən şair

7 Dekabr 2017, 10:42

Son zamanlar müxtəlif dövrlərdə yaşayan şair və yazıçılarımızın ədəbi irsi araşdırılmaqda, təbliğ edilməkdə və xalqın istifadəsinə verilməkdədir. Çünki onların bizə miras qoyub getdikləri ədəbi irs gələcək nəsillərə hökmən çatdırılmalıdır.                                                          

Bir anlığa tarixin səhifələrini vərəqləyib 30-cu, 40-cı illərə, nəzər salırıq. Hərçənd, bu illərlə bağlı çox material dərc olunub. Lakin bunlar təbii ki, kifayət deyil. Nə qədər qurbanlar gətirib bu qanlı-qadalı, dəhşətli illər. Bu qurbanlar içərisində şair, yazıçı, alim, dövlət və ictimai xadimi və s. olmuşlar. Bir sözlə, böyük əvəzsiz itkilər, məhrumiyyətlər, yarımçıq qalmış ailələr. Bu illərin ağır yaraları, günahsız qurbanları heç şübhəsiz gənc nəsli düşündürür və düşündürməkdədir. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn kimi ədiblər məhz bu illərin qurbanları olmuşlar. Onların “günahları” doğma vətənini hürr, müstəqil görmək istəmələri, özlərinin isə türk əsilli olmaları ilə əlaqələndirilmişdir.       
                                                             

1936-1942-ci illərdə yazıb yaradan, ədəbiyyat tariximizdə maraqlı əsərlərilə hələ kifayət qədər  tanınmağa macal tapmayan, amma çox böyük istedada malik olmuş gənc şair Əlirza Abdullayev (Xızılı) də bu dəhşətli illərin qurbanlarındandır.  Bu şairin yaradıcılığını o zamankı dövri mətbuatda araşdırarkən dövrün tanınmış tənqidçi alimlərinin tənqid və biblioqrafiyalarında şair Əlirza Abdullayevin adına da rast gəlmək olur.                
                                                                      
“Gənc işçi” qəzetinin 1940-cı il 9 may tarixli 104-cü nömrəsində , “Gənc şairlər” məqaləsində tənqidçi-alim, filologiya elmləri doktoru, professor Əkbər Ağayevin aşağıdakı qeydlərini oxuyuruq: “Biz son dövrdə ədəbiyyat sahəsinə gəlmiş və müvəffəqiyyətlə inkişaf edən Ə. Ziyatay, B. Qasımzadə, Z. Xəlil, Ə. Tələt, İ. Soltan, M. Sona, A. Əlirza kimi gənc şairləri xüsusilə nəzərdə tuturuq. Çünki, bunlar ədəbiyyatımızın başqa (nəsr, dramaturgiya) sahələrində həvəs göstərən və yeni yazmağa başlayan gənclərə nisbətən daha tez inkişaf etmişlər. Bu gənclərin çoxu artıq respublikamız miqyasında tanınırlar. Bunların böyük gələcəyi vardır...”                   
Əlirza Cəfər oğlu Abdullayev 1916-cı ildə Bakı şəhərində, məşhur Dağlı məhəlləsində fəhlə ailəsində anadan olmuşdur. Orta və ali təhsilini də Bakıda almışdır. Ədəbiyyat aləminə fəhləlikdən gələn və ədəbiyyata, poeziyaya böyük maraq göstərən Əlirza Abdullayev təhsil aldığı illərdən şeirlər yazmağa başlamışdır. Belə ki, onunla bir məhəllədə qonşuluqda yaşayan böyük dramaturq Cəfər Cabbarlının, ölməz şair Mikayıl Müşfiqin  Əlirzanın yaradıcılığına böyük təsiri olmuşdur. O, mətbuatda, “Ə.Abdullayev”, “Əlirza”, “A.Əlirza”, “Əlirza Xızılı” imzaları ilə müntəzəm çıxış etmişdir. O, “Azərnəşrdə”, “Kommunist” qəzetində və “Vətən uğrunda” jurnalında əməkdaşlıq etmişdir. Şairliklə yanaşı, mahir redaktor kimi çalışaraq, bu sahəyə öz töhfəsini vermişdir. Lakin onun bu çağlayan, qaynar həyatına son qoyulur. Şair 1943-cü ildə, günahsız həbs olunduqdan sonra, saxta ittihamlarla qətlə yetirilmişdir. Müasirlərinin dediklərinə görə onun həbsi qurama işlə əlaqəli olmuşdur. NKVD işçiləri şairin iş yerindəki masasının siyirtməsində oxunmamış bir məktub aşkarlamışlar. Guya bu məktub Əlirzaya ünvanlanıb və orada Sovet Ordusunun tezliklə məğlub olmasından, arxada insanlarda ruh düşkünlüyünün olmasından, hətta evində ailəsinin ac olmasından bəhs edilir... Bəli, belə saxta, qurama üsulla bu gənc, istedadlı şairi də həbs etdirib, həyatına son qoyublar.                                    

Günün aktual məsələlərini məharətlə qələmə alan və üslubu ilə ədəbiyyatda özünü tanıdan Ə. Abdullayev əsərlərində xalqımızın nailiyyətlərini, insanpərvərliyi, vətənpərvərliyi, xalqlar dostluğunu və s. özünəməxsus tərzdə tərənnüm etmişdir.                                          
                         
O, dövri mətbuatda müntəzəm olaraq şerləri ilə çıxış etmiş və “Döyüşçünün səsi”, “Qaraçı”, “Çin qızı, “Həqiqət aynası” və s. əsərlərilə oxucuların diqqətini cəlb etmişdir. Yaradıcılığının ən məhsuldar dövrü isə 1937-1938-ci illərə təsadüf edir.                          

“Məhkəmə”, “Doloress İbarruriyə”, “Çin qızı” və s. şairin siyasi mövzuda yazdığı əsərlər içərisində xüsusilə seçilir. “Doloress İbarruriyə” şerində İspaniyanın görkəmli partiya xadimi Dolores İbarrurinin fəaliyyəti, “Məhkəmə” şerində partiya və dövlət xadimi S.M.Kirovun qətli təsvir olunur. “Çin qızı” poemasında Çin xalqının yapon işğalçılarına qarşı apardığı mübarizə əks olunur.

                                              
Deyəydim- Çin qızı hələ çiçəkdir.                                                                                                   
Onu budağından qoparmaz hər yel!                                                                                                
Çin xalqı ölməmiş ölməyəcəkdir                                                                                                
Qoy buna inansın, hər oba, hər el.                                                            


Dövrün ən məhsuldar əsərindən sayılan “Çın qızı” poeması geniş oxucu kütləsi tərəfindən böyük rəğbət hissi ilə qarşılanıb. Bu günki prizmadan baxanda əslində şair sətiraltı məna ilə Azərbaycan xalqının  Rus imperiyasına qarşı apardığı mübarizəni təsvir edir.                                

Şair, VIII Ümumittifaq fövqəladə Sovetlər qurultayına həsr etdiyi “Raport” şerində əmək adamlarına, onların əməyinə böyük qiymət vermişdir
 

Bizik, ağ qızıl dərən zəngin çöllərdən                                                         
Yerin damarını soranlar bizik.                                                                   
Bizik işıq alan coşqun sellərdən                                                                   
Yeni bir kainat quranlar bizik.        
                                                             

Qəlbi daim eşq atəşi, gənclik ehtirası ilə alovlanıb-yanan şairin əsərlərində məhəbbət mövzusu xüsusilə, diqqəti cəlb edir. Bu səpkidən olan şerlərdə sevgi və ona inam, hörmət hissi oxucuda xoş əhval-ruhiyyə, saf və səmimi məhəbbət hisslərini aşılayır. “Bəxtəvərlik deyilmi?”, “Könlümü” kimi şerlərində saf sevgi motivi əsas yer tutur:

Əssə də üstümdə ölüm rüzgarı                                                                    
Sönməz içimdəki sevda odları:                                                                     
Əlirza, canandan soraydın barı                                                               
Nə vaxt güldürəcək vüsal könlümü.”

               
Əlirza Abdullayevin yaradıcılığında Böyük Vətən müharibəsi də xüsusi yer tutur. O bu illərdə “Gəlirəm, bala!” (Cəbhəyə məktub), “Qaraçı”, “Qızıl Moskva”, “Döyüşçünün səsi” və s. kimi gözəl şerlər yaratmışdır:

                                               
Gəlirəm, içimdə od var, alov var;                                                                                                    
Önümdən sağ qaçsa faşist övladı,                                                                                                  
Məni qucağına almasın məzar,                                                                                                     
Mənə haram olsun kişilik adı!..


Şairin müharibə mövzusunda yazdığı şeirlər bu gün də öz aktuallığını saxlamaqdadır. Belə ki, bu əsərlər ölkəsində müharibə gedən vətən oğullarının hərbi vətənpərvərlik ruhunda, səfərbərlik ruhunda, tərbiyəsində mühüm rol oynayır.Şair həmçinin, yaradıcılığında bədii tərcüməyə də böyük əhəmiyyət vermiş və bu sahədə müəyyən müvəffəqiyyət qazanmışdır. Bu tərcümələr içərisində M.Qorki, İ.Aratovski, Y.Raynis, İ. Frankonun sənət nümunələrinə də rast gəlirik. 

Şairin tərcüməçilik fəaliyyətində kalmık eposu “Canqar” dan etdiyi tərcümələr xüsusilə diqqətə layiqdir.                                                                                                                                
Şair Əlirza Abdullayevin məzmunlu, mənalı, ahəngli, emosional, səmimi, orijinal şerləri XX əsr Azərbaycan sovet şerinin inkişafında müəyyən rol oynamışdır.                                               
Tanınmış şair, Ağasəfanın söylədiklərinə görə, görkəmli yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin 2001-ci ildə qələmə aldığı “Rübabə-sultanım” adlı tarixi romanının “Şair Əlirza” bölümü cəmi 26 il ömür sürmüş gənc şair Əlirza Abdullayevə həsr olunmuşdur.                                                                                                    

Şairin yaradıcılığı zəngin, çoxşaxəli olduğundan ədəbiyyatşünaslarımız tərəfindən araşdırılmağa layiqdir. Odur ki, özümün çox ağır zəhmət bahasına tərtib etdiyim biblioqrafiyanı möhtərəm oxuculara və araşdırmaçı jurnalistlərə, alimlərə təqdim edirəm:

 

Əlirza Abdullayev

  1. “Partizanın atı”-“Ədəbiyyat” qəzeti №28 (78)-16 noyabr 1936
  2. “Raport”(VIII Ümumittifaq Sovetlər qurultayına) “-Gənc işçi” qəzeti №223 (2514) -24 noyabr 1936
  3. “Məhkəmə”- “Ədəbiyyat” qəzeti №5 (90) -6 fevral 1937
  4. “Dəmət”-“Ədəbiyyat” qəzeti №13 (98) -27 mart 1937
  5. “Puşkin”-“Ədəbiyyat” qəzeti 1937
  6. “1May şənliyinə”-“Gənc işçi” qəzeti №101(2626) -1 may 1937
  7. “Şairin qəlbi”- “Gənc işçi” qəzeti №145 (2691) -24 iyun 1937
  8. “Yadigar”-“Ədəbiyyat” qəzeti №31 (116) -24 iyul 1937
  9. “Zəfər mahnısı”- “Gənc işçi” qəzeti №191 (2738) -18 avqust 1937
  10. “Günəş balalarına”-“Ədəbiyyat” qəzeti №36 (121) -2 sentyabr 1937
  11. “Döyüş mahnısı”(Çinli qəhrəman gəncə)-“Kommunist” qəzeti №212 (5140) -12 sentyabr 1937
  12. “Gəncin səsi”-“Kommunist” qəzeti №255 (5183) -3 noyabr 1937
  13. “Könül çırpıntısı”-“Ədəbiyyat” qəzeti №51 (136) -24 noyabr 1937
  14. “Sənət yoldaşıma”-“Ədəbiyyat” qəzeti №12 (157) -10 mart 1938
  15. “Dekada iştirakçılarına”-“Kommunist” qəzeti №79 (5310) -6 aprel 1938
  16. “Dolores İbarruriyə”-“Ədəbiyyat” qəzeti №36 (181) -6 avqust 1938
  17. “Çağrış”( İosif Aratovski) Çevirəni A.Əlirza -“Ədəbiyyat” qəzeti №40 (185) -30 avqust 1938
  18. “Bəzək”-“Ədəbiyyat” qəzeti №43 (188) -20 sentyabr 1938
  19. “Gümüş qanatlar”-“Ədəbiyyat” qəzeti №49 (194)- 24 oktyabr 1938
  20. “Bəxtəvərlik təranəsi”-“Ədəbiyyat” qəzeti № 31 (176) -6 iyul 1938
  21. “Şair”-“Revolyusiya və Kultura” jurnalı №4-5 səh 84; -1938
  22. “Günəş”-“Revolyusiya və Kultura” jurnalı №4-5 səh 85; -1938
  23. “Gənclik nəğməsi”-“Ədəbiyyat” qəzeti №4 (209) -26 yanvar 1939
  24. “Səfər mahnısı”-“Ədəbiyyat” qəzeti №9 (214) -24 fevral 1939
  25. “Bəxtəvərlik deyilmi?”-“Ədəbiyyat” qəzeti №21 (226) -12 iyun 1939
  26. “Sasunlu David”-“Gənc işçi” qəzeti №212 (335) -15 sentyabr 1939
  27. “Həqiqət aynası”-“Revolyusiya və Kultura” jurnalı №5 səh 62-63;- 1939
  28. Çin qızı”-“Revolyusiya və Kultura” jurnalı №7 səh 71-80;- 1939
  29.  “İttihaf”-“Revolyusiya və Kultura” jurnalı №2 səh 48-49;- 1939
  30. “Sasunlu David”(II variant)-“Revolyusiya və Kultura” jurnalı №9 səh 50-58;- 1939
  31. “İlk bahar”-“Gənc işçi” qəzeti №109 (3578) -15 may 1940
  32. “Arzı”-“Ədəbiyyat” qəzeti №15 (230) -26 may 1940
  33. “Bizə nə var ki,”-“Ədəbiyyat” qəzeti №20 (235)- 15 iyul 1940
  34. “Mülayim insana”(Y.Raynis-latviya) Çevirəni A.Əlirza –“Ədəbiyyat” qəzeti №22 (237) -7 avqust 1940
  35. “Könlümü”-“Ədəbiyyat” qəzeti №25 (240) -30 avqust 1940
  36. “Canqar” dan bir parça poema (Kalmık eposu) Çevirəni A.Əlirza- “Ədəbiyyat” qəzeti №27(242) -13 sentyabr 1940
  37. “Qayıq”(İvan Franko-Ukrayna) Çevirəni A.Əlirza-“Kommunist” qəzeti №125 (6260)- 28 may 1941
  38. “Nəğmə və zəhmət”-“Revolyusiya və Kultura” jurnalı №4 səh 6-7;- 1941
  39. “Rahatlıq”-“Revolyusiya və Kultura” jurnalı №4 səh 6-7;- 1941
  40. “Gəlirəm bala”(Cəbhəyə məktub)-“Ədəbiyyat” qəzeti №30 (288) -10 avqust 1941
  41.  “Qaraçı”-“Revolyusiya və Kultura” jurnalı №7-8 səh 33-34;- 1941
  42. “Döyüşçünün səsi”-“Ədəbiyyat” qəzeti №1 (303) -1942

 

Qafar Əsgərzadə
Əməkdar jurnalist,
pedaqogika üzrə fəlsəfə doktoru

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?